“Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün də uğurla davam etdirilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev həyatının bütün mərhələlərində Azərbaycanın inkişafına və dövlətçiliyinin möhkəmlənməsinə xidmət edib.
Tahir Budaqov qeyd edib ki, ulu öndərin xalq qarşısındakı mühüm xidmətlərindən biri də milli dəyərlərə və zamanın çağırışlarına uyğun gənclər siyasətinin formalaşdırılması olub.
Onun sözlərinə görə, Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edir, intellektual və vətənpərvər nəslin yetişməsi istiqamətində mühüm addımlar atırdı.
YAP rəsmisi vurğulayıb ki, sovet dövründə yüzlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına şərait yaradılması Azərbaycanın gələcəyinə hesablanmış strateji addım idi.
Tahir Budaqov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib, insan kapitalının gücləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
O həmçinin bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələr ölkədə təhsilə göstərilən diqqət və qayğının mühüm göstəricisidir.
Yeni Azərbaycan Partiyası dövlətçilik ideyalarına sadiq, yüksək intellektual və mənəvi keyfiyyətlərə malik gənc nəslin formalaşmasına xüsusi önəm verir.
Tahir Budaqov qeyd edib ki, bu gün partiya sıralarına qoşulanların böyük əksəriyyətini gənclər təşkil edir və bu, Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyev siyasətinə inamının göstəricisidir.
Onun sözlərinə görə, müasir dövrdə informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı yeni imkanlarla yanaşı, müəyyən risklər də yaradır:
“Gənclər yalnız rəqəmsal texnologiyalardan istifadə edən deyil, eyni zamanda milli maraqları üstün tutan, yüksək mənəvi dəyərlərə sahib vətənpərvər şəxslər kimi formalaşmalıdırlar”.
YAP rəsmisi əlavə edib ki, bu istiqamətdə təhsil, milli ideologiya və maarifləndirmə mühüm rol oynayır.
Zeynəb Rzayeva
Bakı 




