• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Kremlin Bakı planı: İnteqrasiya təklifi, yoxsa geosiyasi mesaj?

SİYASƏT

05 Iyun 2026 | 16:31

Kremlin Bakı planı: İnteqrasiya təklifi, yoxsa geosiyasi mesaj?

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına yardım göstərməyə hazırdır.

Onun sözlərinə görə, Rusiya Azərbaycanla iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə lazımi dəstəyi verməyə hazırdır. Qaluzin qeyd edib ki, Moskva Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Rəsmi Bakı Kremlin bu təklifinə “hə” deyəcəkmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Mixail Qaluzinin bəyanatı Rusiya xarici siyasətinin leksikonu baxımından standart bir təklifdir, lakin konteksti fərqlidir:

“Bəyanat regionda köklü geosiyasi dəyişikliklərin baş verdiyi, Azərbaycanın strateji çəkisinin artdığı, Orta Dəhliz layihəsinin sürət qazandığı bir mərhələyə təsadüf edir. Ona görə də sadə bir diplomatik ifadə kimi oxunmamalıdır.

Aİİ-yə qoşulmamasının arxasında ciddi iqtisadi, siyasi və strateji məntiq dayanır.

Əvvəlcə bir həqiqəti aydın şəkildə qeyd edək: Azərbaycan Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrini qoruyur vəəməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Lakin aparılan siyasət Aİİ-yə üzvlük məsələsindən tamamilə ayrı bir mövzudur”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan-Rusiya ticarət dövriyyəsi son illərdə ardıcıl artım dinamikası nümayiş etdirir:

“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında qalır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi - Rusiyadan İrana, oradan Azərbaycana uzanan marşrut - hər iki ölkənin strateji maraqlarına xidmət edir. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Zəngilana səfəri də əməkdaşlığın praktiki ifadəsidir: infrastruktur, nəqliyyat, iqtisadi kooperasiya sahələrindəikitərəfli dialoq davam edir.

Lakin ikitərəfli iqtisadi əlaqə ilə çoxtərəfli inteqrasiya quruluşuna üzvlük arasında fundamental fərq var. Azərbaycan birincini dərinləşdirməkdə maraqlıdır, ikincisindən isəməqsədyönlü şəkildə uzaq durur.

Ən güclü arqument rəqəmlərdir. Azərbaycanın xarici ticarətinin 35 faizdən çoxu Avropa Birliyi ilə həyata keçirilir. AB Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Qazanılan uğurların arxasında onilliklər ərzində qurulan enerji, ticarət və investisiya əlaqələri dayanır”.

Deputatın fikrincə, Aİİ-yə üzvlük isə ciddi risklər daşıyır:

“İttifaqın xarici tarif siyasəti vahiddir - üzv dövlətlər öz müstəqil ticarət sazişlərini imzalaya bilmir. Yəni, Azərbaycan Aİ ilə mövcud imtiyazlı ticarət çərçivəsini itirər, Avropa bazarına çıxış imkanları daralır. Enerji sektoru üzrə müqavilələr, investisiya mühiti, texniki standartlar - hamısı yenidən müzakirə predmetinə çevrilər. İkinci arqument - Türk dövlətləri ilə ikitərəfli iqtisadi kooperasiyadır. Azərbaycan Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türkdilli dövlətlərlə ikitərəfli format üzərindən geniş iqtisadi əlaqələr qurur. Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən inteqrasiya prosesləri Aİİ-dən əsaslı şəkildə fərqlənir: o, siyasi suverenliyi məhdudlaşdırmır, tarif birliyini məcburi etmir, üzv dövlətlərin xarici ticarət müstəqilliyini qoruyur. Aİİ-yə üzvlük isə formatın üstünlüklərini əhəmiyyətli dərəcədə azaldacaq. Üçüncü arqument - iqtisadi diversifikasiya strategiyasıdır”.

Zahid Oruc əlavə edib ki, Azərbaycan son illərdə qeyri-neft ixracını artırmaq, yeni bazarlara çıxmaq və iqtisadi asılılığını azaltmaq istiqamətindəardıcıl addımlar atır:

“Aİİ-yə üzvlük seçilən strategiyaya birbaşa ziddir: o, Azərbaycanı vahid tarif məkanına bağlayır və iqtisadi manevrini məhdudlaşdırır. İqtisadi arqumentlər güclüdür. Lakin məsələnin siyasi ölçüsü daha az göz qabağında, amma daha həlledicidir. Azərbaycan xarici siyasətdə balanslaşdırma kursunu ardıcıl həyata keçirir. Strategiyanın mahiyyəti heç bir böyük gücün siyasi orbitinə tam daxil olmamaq, eyni zamanda hamısı iləişçi əlaqələri qorumaqdan ibarətdir”.

Müsahibimiz vurğulayıb ki, Rusiya, Qərb, Türkiyə, İran - Azərbaycan dördlüklə eyni anda fərqli formatlarda münasibət qurur:

“Aİİ-yə üzvlük formalaşan balansı pozar: o, Azərbaycanı açıq şəkildə Rusiyanın liderlik etdiyi inteqrasiya blokunun üzvünə çevirər. Nəticələr Azərbaycan üçün bir neçə ciddi sual doğurar. Birincisi, Qərblə münasibətlər gərginləşər - Aİ Aİİ üzvlüyünü Azərbaycana münasibətdə siyasi tutumunu dəyişmək üçün əsas götürər. İkincisi, Cənubi Qafqazda Azərbaycanın müstəqil güc mərkəzi kimi statusu zəifləyər. Üçüncüsü, Ermənistanla davam edən normallaşma prosesində Azərbaycanın mövqeyi mürəkkəbləşər”.

Zahid Orucun sözlərinə görə, Ermənistan artıq Aİİ üzvüdür və Rusiyaya institusional bağlılığı var:

“Bir tərəfdən, Rusiya Azərbaycanı Aİİ-yə dəvət edir, digər tərəfdən Orta Dəhliz layihəsinə - Azərbaycanın strateji prioritetinə - açıq dəstək vermir. Orta Dəhliz, yəni Xəzər dənizi üzərindən Orta Asiyadan Azərbaycana, oradan Türkiyəyə uzanan marşrut, Rusiyanı yan keçən alternativ nəqliyyat qurşağı kimi qəbul olunur. Marşrutun tam formalaşması Rusiyanın Avrasiya ticarətindəki tranzit roluna təsiri hesablanır. Moskvanın layihəyə həvəs göstərməməsinin əsas səbəbi budur”.

Deputat onu da bildirib ki, Zəngəzur dəhlizi məsələsində isə dəyişim daha aydın görünür:

“Müqavilə dövrünün ilkin mərhələsində Rusiya Zəngəzur dəhlizini - Azərbaycanı Naxçıvanla birləşdirəcək marşrutu -fəal şəkildə müdafiə edirdi. İndi mövqe dəyişib. Moskva məsələdə əvvəlki seçimində korrektələr etdiyi görünür. Dəhlizin Rusiya nəzarəti olmadan, Azərbaycan-ABŞ-Türkiyə birgə layihəsi kimi formalaşması Kreml üçün cəlbedici deyil. Bəzi Qərb analitikləri isə Zəngəzur dəhlizini artıq Rusiya deyil, ABŞ və Aİ maraqlarına xidmət edən bir layihə kimi oxuyur - qiymətləndirmə Kremlin perspektivindən layihəyəolan münasibəti daha da mürəkkəbləşdirir”.

Zahid Oruc: Azərbaycanın Aİİ-yə qoşulmamaq qərarı Rusiyaya qarşı düşmənçilik deyil

Həmsöhbətimiz deyib ki, mühüm amillərdən biri də Ermənistanda 7 iyunda keçiriləcək seçkilər ərəfəsində Kremldən verilən sərt reaksiylardır:

“Iqtisadi təzyiqlər və konkret qüvvələrin müdafiəsi fonunda Aİİ-nın Aİ ilə qarşı-qarşı qoyulmasıdır. Kremlin ultimatumları ikinci Ukrayna ittihamı ilə aparılır. Ona görə də Bakı İrəvanı sülh gündəliyinə və iqtisadi başölarla tarixi əlaqələrə, ən əsası düşmənçilikdən çıxaran məfkurəyə və siyasi kursa gətirdiyi dönəmlərdə, Qaluzinin bəyanatı geoiqtusadi intriqaya malikdir. Yəni, tarix müttəfiqini itirməkdən narahat olan tərəf bütün regionu nəzarətinə qaytarmağa çalışır. Rusiya Azərbaycanı iqtisadi inteqrasiya platforması vasitəsilə öz orbitinə çəkməyə çalışır, çünki geosiyasi vəhərbi vasitələrlə bunu nail olmaq mümkün deyil. Diplomatik dildə belə bəyanatları iki səviyyədə oxumaq lazımdır: nə deyilir və niyə deyilir”.

Zahid Oruc qeyd edib ki, Rusiya Azərbaycanın Aİİ-yə qoşulmasına kömək etməyə hazırdır:

“Lakin bir neçə ehtimal var. Birincisi, Azərbaycanın artan regional çəkisini etiraf edərək onu institusional bağlarla öz tərəfinə çəkmək cəhdidir. İkincisi, Qərblə Azərbaycan arasında gedən yaxınlaşma prosesini ləngitmək məqsədi daşıya bilər. Üçüncüsü, daxili Rusiya siyasəti üçün nəzərdə tutulan bir siqnal ola bilər - Aİİ-nin genişlənmə perspektivi Kreml üçün siyasi kapital yaradır. Hər üç ehtimal eyni vaxtda doğru ola bilər. Diplomatik bəyanatlar çox vaxt çoxşaxəli funksiya daşıyır. Rəsmi Bakı təklifə reaksiyası ali rəhbərlik verə bilər. Lakin xarici siyasət leksikonu baxımından cavab çox güman ki, beləbir formada ifadə olunacaq: "ikitərəfli iqtisadi əlaqələrin inkişafına açığıq, lakin müstəqil iqtisadi siyasət yürütmək hüququmuzu qoruyuruq."

Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır: Azərbaycanın Aİİ-yə qoşulmamaq qərarı Rusiyaya qarşı düşmənçilik deyil”.

Həmsöhbətimiz vurğulayıb ki, ölkəmiz öz iqtisadi modelini - açıq, diversifikasiyalı, çoxvektorlu - qorumaq iradəsinin ifadəsidir:

“Həm Aİ ilə, həm Rusiya ilə, həm Türkiyə ilə, həm də digər tərəfdaşlarla eyni anda işçi əlaqələr qurmaq Azərbaycanın strateji üstünlüyüdür. Aİİ bu üstünlüyü məhdudlaşdırar. Azərbaycan mürəkkəb mənzərədə öz kursunu müəyyənləşdirib: iqtisadi əlaqələri genişləndirmək, siyasi suverenliyi qorumaq, heç bir blokunun forpostuna çevrilməmək. Əsas ideyanı isə yekunda vurğulamaq yerinə düşər-Azərbaycan 30 ilə yaxın bir müddətdə regionda formalaşan məğlub geosiyasətdən əziyyət çəkib. Qarabağın işğalı qüvvələr nisbəti qonşu və beynəlxalq güclərin xeyrinə siyasi düzənin yaranması ilə nəticələnmişdi. Ulu öndər Heydər Əliyev neft müqaviələri ilə regionda həmin arxitekturaya ilk zərbəsini vurdu. Nəhayət, Vətən müharibəsində Qəlabəmiz yeni geosiyasi raellıq formalaşdırıb. Ona görə də Azərbaycan çoxəsrlik tarixində ilk dəfədir öz taleyinin sahibidir və regionda qalib geosiyasi arxitektura qurur. İmperial dövr arxada qalıb və ölkəmizin müstəqilliyini, suverenliyini təmin edən formatları yartamağa özü də qadirdir”.

Aynur Babazadə


SON XƏBƏRLƏR