Dünyanın ən hündür zirvəsi olan Mount Everestdə itkin düşən nepallı dağ bələdçisi altı gün sonra sağ vəziyyətdə tapılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş britaniyalı hərbçi və alpinist Chris Thrall Everestdən eniş zamanı bələdçi Dawa Şerpadan ayrıldığı anı danışıb.
Onun sözlərinə görə, zirvədən enərkən Dawa Şerpa qısa müddət dincəlmək üçün bel çantasının üzərində oturub. Thrall isə yoluna davam edərək təxminən 50-100 metr aşağı enib.
Alpinist bildirib ki, bir qədər sonra qrupun digər üzvü olan polşalı dağçı ilə qarşılaşıb. Həmin şəxsin oksigeni tükənmişdi və ciddi donvurma əlamətləri göstərirdi. Bu səbəbdən diqqətini vəziyyəti daha ağır olan alpinistə yönəltməli olub.
Dawa Şerpa bundan sonra Everestin “ölüm zonası” adlandırılan, oksigen səviyyəsinin son dərəcə aşağı olduğu ərazidə tək qalıb. Onun taleyi ilə bağlı ciddi narahatlıq yaranmış və sağ qalacağına ümid azalmışdı.
Lakin bələdçi altı gün sonra sağ tapılıb. Chris Thrall bu xəbəri “inanılmaz” adlandıraraq, əvvəlcə onun sağ qalmasına inanmadığını bildirib.
“Bir an qızı ilə birlikdə göz yaşlarını saxlamağa çalışırdıq, növbəti an isə onun geri qayıtdığını gördük. Bu, sözlə ifadə edilə bilməyəcək qədər möhtəşəmdir”, – deyə alpinist qeyd edib.
Dawa Şerpanın necə sağ qala bildiyi ilə bağlı araşdırmalar davam edir.
Lumu Zülfüqarova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 




