• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir

HADİSƏ

05 Iyun 2026 | 14:47

BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir

Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticələrlə müşayiət olunan bəzi qəzaların baş verməsində sürücülərin yorğun və yuxulu vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi əsas rol oynayır. Təəssüf ki, bir çox hallarda sürücülər yuxululuğun yaratdığı təhlükəni lazımınca qiymətləndirmir, mənzil başına daha tez çatmaq məqsədilə hərəkəti davam etdirirlər. Halbuki yuxu hissi yarandığı andan etibarən sürücünün diqqəti, reaksiya qabiliyyəti və ətraf mühiti qiymətləndirmə bacarığı zəifləməyə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev bildirib. Onun sözlərinə görə, insan orqanizmi müəyyən yuxu rejiminə uyğunlaşır. Hər gün eyni saatlarda yatmağa vərdiş edən şəxslərdə həmin saatlar yaxınlaşdıqca təbii olaraq yorğunluq və yuxululuq hissi yaranır. Bu səbəbdən xüsusilə gecə saatlarında, səhərə yaxın vaxtlarda və sürücünün adətən istirahət etdiyi saatlarda sükan arxasında olmaq daha yüksək risk yaradır. İnsan özünü ayıq hesab etsə belə, orqanizm artıq istirahət rejiminə keçməyə başlayır.

Sükan arxasında yuxululuğun yaranmasına səbəb olan əsas amilləri sadalayan şöbə müdiri qeyd edib ki, sürücülər tez-tez əsnədikdə, göz qapaqlarında ağırlıq hiss etdikdə, diqqətlərinin yayındığını hiss etdikdə, yol nişanlarını gec gördükdə və ya son kilometrləri necə qət etdiklərini tam xatırlamadıqda bunun artıq təhlükə siqnalı olduğunu bilməlidirlər.

O qeyd edib ki, ən təhlükəli məqamlardan biri isə “mikroyuxu” adlandırılan haldır: “Bu zaman insan fərqinə varmadan bir neçə saniyəlik yuxuya gedə bilər. Sürücü bəzən sadəcə gözlərini qısa müddətə yumduğunu düşünür. Əslində isə həmin saniyələr ərzində avtomobil onlarla, hətta yüzlərlə metr məsafə qət edir və sürücü bu müddətdə yol şəraitini faktiki olaraq nəzarətsiz buraxmış olur. Məsələn, saatda 90 kilometr sürətlə hərəkət edən avtomobil 4 saniyə ərzində təxminən 100 metr məsafə qət edir. Bu müddət ərzində sürücü qarşısına çıxan maneəni, piyadanı, dayanmış nəqliyyat vasitəsini və ya yolun dəyişən şəraitini vaxtında qiymətləndirə bilmir. Nəticədə bir neçə saniyəlik yuxululuq bəzən bir ailənin faciəsi ilə nəticələnə bilir.

Belə hallarda sürücülər yanlış olaraq musiqinin səsini artırmağa, pəncərəni açmağa və ya qəhvə içməyə üstünlük verirlər. Bu üsullar müəyyən müddət ayıqlıq hissi yaratsa da, yuxusuzluğu aradan qaldırmır və təhlükəni tam şəkildə aradan qaldıran vasitə hesab edilə bilməz”.

Şöbə müdiri tövsiyə edib ki, yuxu hissi yarandıqda sürücü təhlükəsiz yerdə dayanmalı, avtomobildən düşərək qısa müddət hərəkət etməli, təmiz hava qəbul etməli, imkan olduqda 15-20 dəqiqəlik istirahət və ya qısa yuxu fasiləsi verməli, başqa sürücü varsa, idarəetməni ona həvalə etməli və yuxululuq hissi keçmədiyi halda hərəkəti davam etdirməməlidir.

Ağır yol-nəqliyyat hadisələrinin bir çoxu məhz "bir az da gedərəm" düşüncəsi ilə başlayır. Halbuki sürücünün özündə hiss etdiyi ilk yuxululuq əlaməti artıq təhlükənin başladığını göstərir. Həmin anda verilən düzgün qərar həm sürücünün, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatını qoruya bilər. Yolun sonunda qazanılacaq bir neçə dəqiqə heç vaxt insan həyatı qədər dəyərli deyil.


SON XƏBƏRLƏR