Yerli idarəetmədə intellektual potensialı yüksək, dövlətçiliyə sadiq və təşəbbüskar gənclərin irəli çəkilməsi istiqamətində aparılan siyasət Balakəndə də ardıcıl şəkildə davam etdirilir.
Bu çərçivədə, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin müvafiq qərarı ilə Zeynalabid Zahid oğlu Əmrəliyev "Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi" MMC-nin rəisi vəzifəsinə təyin olunub.
Yeni təyinatı ilə bağlı Bakıvaxtı.az-a danışan Zeynalabid Əmrəliyev bildirib ki, hazırda Azərbaycanda gəncləşmə siyasəti həyata keçirilir, gənc kadrlara üstünlük verilir:
“Mənim üçün həm sevindirici, həm də məsuliyyətli haldır ki, gənc kadr olaraq bu vəzifəyə təyin olunmuşam. İlk növbədə, müasir Azərbaycanın bugünkü inkişafının əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi dərin ehtiramla yad etmək istəyirəm. Eyni zamanda, ölkəmizi bu yolda uğurla aparan, Qarabağda bizi Zəfərə çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycanda gəncləşmə siyasətinə verdiyi dəstəyə və gənclərə yaratdığı imkanlara görə dərin təşəkkürümü bildirirəm”.
Müsahibimizin sözlərinə görə, bu, onun həyatında tamamilə yeni başlanğıc və yeni bir sınaqdır:
“İnanıram ki, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirəcək, bütün imkanlarımdan maksimum istifadə edəcəyəm. Sonda isə hər zaman mənimlə əməkdaşlıq edən, yanımda olan jurnalist dostlarımıza, xüsusi təşəkkürümü bildirirəm”.
Aynur Babazadə
Bakı 




