Xaçmazda tanışını öldürməyə cəhd edən Faiq Cəbrayılovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Faiq Cəbrayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il martın 2-də Xaçmaz rayonunun Qaraqurdlu kəndi ərazisində yerləşən kafedə baş verib.
İttihama görə, Faiq Cəbrayılov aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd edib.
Faiq Cəbrayılovun bu əməli törətməsinə səbəb K.Niftəliyevin sərxoş vəziyyətdə ona təhqir etməsi olub. Hər iki şəxs kafedən uzaqlaşdıqdan sonra zərərçəkmiş şəxs həmin mübahisəyə görə F.Cəbrayılova kiçik xəsarət yetirib.
Bu zaman təqsirləndirilən şəxs cibində gəzdirdiyi kəsici-deşici alətlə qəsdən ümumilikdə 17 dəfə ardıcıl zərbə vuraraq K.Niftəliyevi öldürməyə cəhd edib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.