Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", -o bildirib.
***
12:25
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.