ABŞ Maliyyə Nazirliyi maksimum təzyiq kampaniyası çərçivəsində İranın kölgə donanmasına əlavə sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki. sanskiyaya görə, İran nefti ilə bağlı məhsulların satışı və daşınmasını asanlaşdırdığı üçün müxtəlif ölkələrdən 30-dan çox şəxs və gəmi sanksiyalar siyahısına əlavə edilib. Bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin yeni sanksiyaları BMT nizamnaməsində göstərilən milli suverenliyə hörmət və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərinə, o cümlədən ölkələr arasında sərbəst ticarəti tənzimləyən beynəlxalq hüquq qaydalarına ziddir.
ABŞ-nin bu qərarı tərəflər arasında münasibəti daha da gərginləşdirə bilərmi? Ümumiyyətlə, ABŞ-İran gərginliyi region üçün nələr vəd edir?
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ-İran münasibətlərində gərginlik yaşansa da, vəziyyət kritik səviyyəyə çatmayacaq.
Onun sözlərinə görə, İran sanksiyalara artıq öyrəşib və ABŞ-nin yeni sanksiya paketi rəsmi Tehran üçün bir yenilik deyil:
"ABŞ və İran qarşılıqlı şəkildə məsafəli düşmənçilik edirlər. Əgər ehtiyac olarsa, tərəflər müəyyən məsələlərdə danışıqlar aparır və razılığa gəlirlər. Hətta İran-İsrail gərginliyindən əvvəl ABŞ dondurulmuş pulları Tehrana qaytarmaqla bağlı qərar vermişdi. Bu baxımdan ABŞ-dən İrana qarşı radikal addımların atılacağı gözlənilmir. Əslində İran kimi dövlətləri sanksiyalarla çökdürmək mümkün deyil. Ümumillikdə ABŞ-nin İranı çökdürmək kimi fikri yoxdur. ABŞ-nin İranla düşmən olduğu formal olaraq görsənsə də, regionda ABŞ İrandan başqa digər ölkələrlə düşmənçilik edir".
Əhəd Məmmədli: İranın parçalanması ABŞ və Qərbin maraqlarına cavab vermir
ABŞ-İran düşmənçiliyinin müəmmalı olduğunu vurğulayan politoloq hesab edir ki, tərəflər arasındakı düşmənçilik yalnız regiona zərər verir. ABŞ və İran isə öz mənfəətlərinə uyğun addımlar atırlar.
"ABŞ gələcəkdə İranda hakimiyyət dəyişikliyində rol oynaya bilər, amma bu zaman İran dövlətçiliyinin qalmasına imkan yaradacaq. Sadəcə olaraq, ABŞ özünə yaxın qüvvələri hakimiyyətə gətirə bilər. İndiki məqamda tərəflərin gərginliyinin hər hansısa təhlükəsi yoxdur. Ümumiyyətlə, İranın parçalanması ABŞ və Qərbin maraqlarına cavab vermir", -deyə müsahibimiz qeyd edib.
Gülşən Şərif