• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

“The New York Times” Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən yazdı

SİYASƏT

25 Sentyabr 2022 | 20:33

“The New York Times” Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən yazdı

ABŞ-ın “The New York Times” qəzetində Metyu Mpok Biqqanın “Ermənistan və Azərbaycan arasında münaqişəni anlamağa cəhd edərkən” sərlövhəli məqaləsi dərc olunub.

Bakıvaxtı.az xəbər verir ki, məqalədə münaqişənin ötən həftə baş verən növbəti gərginləşməsindən bəhs edilir.

Müəllif məqalənin əvvəlində ABŞ-ın gərginliyin nizamlanması istiqamətində diplomatik səylərindən, xüsusən Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə XİN başçıları arasında birbaşa danışıqların təşkili məqsədi daşıyan görüşlərindən yazır. Görüş ötən həftə iki ölkə arasında ümumilikdə yüzlərlə hərbi qulluqçunun həlak olduğu hərbi əməliyyatlardan sonra baş tutub. Gərginlik səngiyib, lakin yüksək səviyyədə keçirilən görüş qarşıdurmanını səbəblərinin aradan qaldırılmadığını əks etdirir.

Məqalədə qeyd olunur ki, Rusiya Ermənistanın çoxdankı himayədarıdır, NATO-nun üzvü olan Türkiyə isə 2020-ci il müharibəsində Azərbaycanı dəstəkləyən əsas müttəfiqidir. Lakin amerikalı diplomatlar vasitəçi neytrallığını qorumağa cəhd göstərsələr də, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi öz dəstəyini göstərmək və “bu yaxınlardakı zorakılığın azərbaycanlılar tərəfindən törədildiyini” bəyan etməkdən ötrü ötən həftəsonu Ermənistana səfər edərək, vəziyyətə “qarışdı”. Müəllif vurğulayır ki, bu səfər cari ilin noyabrında keçiriləcək aralıq seçkilərindən əvvəl Pelosinin siyasi gedişi kimi qəbul olundu. Onu Konqresin erməni mənşəli iki üzvü müşayiət edirdi.

Məqalədə daha sonra deyilir ki, “münaqişə” onilliklər boyu mübahisəli olan region ətrafında cəmlənib. “Qarabağın dağlıq vilayəti” Ermənistan və Azərbaycan arasında uzun müddətdir müzakirə mərkəzindədir. Beynəlxalq səviyyədə Azərbaycanın etnik erməni əhalisinin üstünlük təşkil etdiyi bir hissəsi kimi tanınan bu region sovet dövrünün sonunda müstəqilliyini elan edib. Ermənistan və Azərbaycan arasında baş verən çoxillik müharibə nəticəsində on minlərlə insan həlak olub və yüz minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. 1994-cü ildə atəşkəs barədə sazişdən sonra Azərbaycanın hüquqi hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın nəzarəti altına keçib. 2020-ci ildə Azərbaycan Türkiyənin güclü dəstəyi ilə və zərbə dronlarından istifadə etməklə Qarabağın böyük hissəsini və ona bitişik rayonları geri alıb.

Metyu Mpok Biqqa qeyd edir ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs nəticəsində ərazilərin böyük hissəsi Azərbaycanda qaldı, erməni qoşunları geri çəkildi və oraya yaxşı silahlanmış Rusiya sülhməramıları daxil oldu. Müəllif analitiklərə istinadla vurğulayır ki, indi Azərbaycan Ermənistanın “Dağlıq Qarabağ” üzərində Azərbaycanın suverenliyini tanımasını və digər güzəştlərə getməsini israr edir.

Müəllif yazır ki, lakin münaqişənin son gərginləşməsi başqa yerdə baş verdi. Hər tərəf bu hərbi əməliyyatların necə başlanmasını özünə görə interpretasiya edir. Ermənistan bəyan edib ki, Azərbaycan “hücum edib” və 105 erməni hərbi qulluqçusu öldürülüb, 6 mülki vətəndaş isə yaralanıb. Azərbaycan isə bildirib ki, onun hərbi əməliyyatları Ermənistan tərəfindən olan təxribata “cavab tədbirləridir”. Münaqişənin özəyinin hələ də “Dağlıq Qarabağ” olmasına baxmayaraq, bu dəfə döyüş əməliyyatları bilavasitə iki ölkə arasında delimitasiya olunmamış sərhəddə baş verdi.

Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, sentyabrın 12-də iki ölkə arasında olan sərhəd boyunca artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla ağır döyüşlər qeydə alınıb. Azərbaycanın Xarici İşlər Nazirliyi “ehtimal edilən sərhəddə” baş verən “insident” barədə danışıb, Ermənistan isə bəyan edib ki, Azərbaycan Ermənistan ərazisindəki üç şəhərə hücum edib.

Müəllif hesab edir ki, Azərbaycan öz tələblərində israrlıdır, Ermənistan isə görünür, vaxt uzadır. Ermənistanın baş naziri Nikol Paşinyan sazişi imzalamaq niyyətində olduğunu bildirmişdi, lakin onun daxili opponentləri razılaşmanı pisləyərək, onu “satqınlıq” adlandırdılar. Paşinyan artıq bir dəfə, 2020-ci ildə atəşkəsdən sonra kütləvi qəzəblə rastlaşmışdı.

Azərbaycanın üç tələbi var: Ermənistanın Qarabağa olan iddialarından imtina etməsi, dövlətlərarası sərhədlərin onun şərtləri çərçivəsində demarkasiyası və Naxçıvan anklavına, Azərbaycanı həmçinin Türkiyə ilə birləşdirəcək hələ tikilməmiş avtomobil və dəmir yolu dəhlizinin təhlükəsizliyinə nəzarət.

Bu, Rusiya və Türkiyə üçün incə vəziyyətdir. Bu müzakirədə Rusiyanın iki rolu var: neytral vasitəçi və eyni zamanda, Ermənistanın təhlükəsizliyinin qarantı. Birinci rolu ona ikinci rolu ilə bağlı ittihamlardan yayınmağa imkanı verib. Əgər vəziyyət kəskinləşərsə, o halda ikili rolunu qoruyub saxlamaq Moskva üçün çətin olacaq. Karnegi Fondunun baş elmi işçisi Stronski xatırladır ki, 2020-ci ildə tərəfləri ayıran xəti Azərbaycanın ərazisindən keçib. İndi “erməni və azərbaycanlı hərbçilər hələ də demarkasiya olunmayan dövlət sərhədində praktik olaraq üz-üzə dayanıblar.

Dünya gücləri sülhə səsləyirlər. Lakin onlara həm də təbii qaz lazımdır. ABŞ-ın dövlət katibi Entoni Blinken bu həftə hər iki tərəfi danışıqlara qayıtmağa və bundan sonrakı hərbi əməliyyatlardan imtina etməyə çağırıb.

Vaşinqton Cənubi Qafqaza və keçmiş sovet imperiyasının digər dövlətlərinə təsir göstərməyə çoxdan cəhd göstərir. Eyni zamanda Avropa İttifaqı sülh sazişinin bağlanması üzrə səylərini davam etdirir. Ermənistan və Azərbaycan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə danışıqlar raundu aparıblar. Bununla yanaşı, Avropanın vəziyyəti onunla mürəkkəbləşib ki, o, Ukraynada müharibə səbəbindən Rusiya idxalı itkisini kompensasiya etməkdən ötrü indi əlavə təbii qaz tədarükü axtarır. İyulun ortalarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyev ilə saziş imzalamaq üçün Azərbaycanda səfərdə olub. Metyu Mpok Biqqa məqaləsini bu sözlərlə bitirir ki, Lyayen səfər zamanı Azərbaycan “etibarlı, etimada layiq tərəfdaş” olduğunu bəyan edib.

 


SON XƏBƏRLƏR

18 Mart 2024