• Bakı C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Tıxacın qarşısının alınmasına dair hazırlanan plan MƏLUM OLDU

CƏMİYYƏT

28 Yanvar 2025 | 20:54

Tıxacın qarşısının alınmasına dair hazırlanan plan MƏLUM OLDU

AYNA informasiya sisteminin tərkibində yaradılmış “Etaksi” sistemi vasitəsilə biz artıq taksi xidmətlərinə, taksi hərəkətlərinə tamamilə nəzarəti həyata keçirə bilirik. Bütün bu işlərin görülməsi sayəsində ilkin müsbət nəticələr əldə edilmişdir. Lakin vətəndaşların mobilliyə olan tələbatının ödənilməsi üçün bütün nəqliyyat vasitələrinin birlikdə fəaliyyətini nəzərə alan yekdil planın hazırlanmasına zərurət var idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Sədr qeyd edib ki, bu istiqamətdə işlər aparıldı və əvvəlcə şəhərə daxil olan bütün axınlar qiymətləndirildi:

"Bəlli oldu ki, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır. Buradan çıxış edərək vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlandı və onun istiqamətlərini diqqətinizə məruzə edirəm. Burada iki əsas istiqamət var. Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilmişdir. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın".


SON XƏBƏRLƏR

29 Yanvar 2025