• Bakı 20° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Toyu yasa çevirən karvan qəzaları: Qarşısını necə almaq olar?

CƏMİYYƏT

01 Oktyabr 2024 | 12:51

Toyu yasa çevirən karvan qəzaları: Qarşısını necə almaq olar?

Son zamanlar toyu yasa çevirən toy karvanı qəzalarının sayında artım müşahidə olunur.

Maraqlıdır ki, toy karvanının iştirakçıları qayda pozuntusu edərsə, özünü günahkar bilmir. Həmin sürücülər düşünürlər ki, nəqliyyat vasitəsini yolda istədikləri kimi idarə edə bilərlər.

Toy karvanı nəticəsində artan yol qəzaları fonunda bir müddət öncə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalıdır. Toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir.

Bəs görəsən, sözügedən qəzaların qarşısı necə alına bilər?

Elməddin Muradlı: Toy karvanında iştirak edən avtomobillərin sayı məhdudlaşdırılsın

Nəqliyyat eksperti Elməddin Muradlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əksər sürücülərin "şou" göstərmək niyyəti ilə yolda təhlükəli manevrlər etməsi təəssüf doğurur.

Onun sözlərinə görə, sözügedən sürücülər qarşı yola çıxmaqla bir-birilərini ötürlər, əl əyləcindən istifadə edərək avtomobili yerində fırladırlar və ya nəqliyyat vasitəsini ikitəkər qaldırırlar. Təbii ki, bu halda qəza qaçılmaz ola bilər:

"Toy karbanında kobud qayda pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunurlar. Əgər sürücü avtoxuliqanlıq edirsə və ya digər xətalara yol verirsə, buna uyğun cəza mexanizmi tətbiq olunur. Lakin buna baxmayaraq, toy karvanlarında baş verən qəzalar davam edir. Əslində toy karvanlarında 6 maşından istifadə oluna bilər. Lakin toy karvanları nəticəsində baş verən yol qəzalarının sayı artarsa, bununla bağlı qanunvericilikdə dəyişiklik edilə bilər. Yəni, toy karvanı yarışı ciddi fəsadlara yol açarsa, bu hal administrativ qaydalar və ictimai qınaqla aradan qaldırıla bilər. Onu da qeyd edim ki, toy karvanları çoxzolaqlı yollarda, xüsusilə şadlıq evlərinin çoxluq təşkil etdiyi ərazilərdə bütün zolaqları məşğul edirlər. Nəticədə həll olunmayan tıxac problemi daha da artır".

Müsahibimiz təklif edir ki, belə qəzaların qarşısını almaq üçün toy karvanında iştirak edən avtomobillərin sayı məhdudlaşdırılsın. Həmçinin toy karvanında iştirak edən sürücülər qayda-qanun səviyyəsində hərəkət etməlidirlər. Bundan başqa, toy karvanlarında qəzaya səbəb olan sürücülərin hərəkəti ictimai qınaqla qarşılanmalıdır.

Aslan Əsədov: Bütün hallarda sürücülər sosial məsuliyyətini dərk etməlidir

Toy karvanında yol qəzasına bir neçə amillərin təsir etdiyini bildirən nəqliyyat eksperti Aslan Əsədov isə Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, əsas amillərdən biri karvana səbəb olan toy sahibləri ilə bağlıdır. Çünki toy karvanları toy sahibinin dəstəyi ilə həyata keçirilir:

"Toy karvanında baş verən qəzaların qarşısını almaq üçün toy ağsaqqalları gənc sürücülərə xəbərdarlıq etməlidir. Nəzərə alaq ki, toy karvanında əsasən gənclər iştirak edirlər. Öz sevincini göstərməyə çalışan gənclərin yol hərəkəti zamanı davranışları qayda pozuntularına, qəza hallarının baş verməsinə səbəb olur. Təəssüf ki, toy karvanında qəzaya düşən şəxslər arasında ağır yaralananlar, fiziki məhdudiyyətli olanlar, hətta ölənlər olur".

A. Əsədovun fikrincə, bütün hallarda nəqliyyat vasitələrini idarə edən şəxslər sosial məsuliyyətini dərk etməlidir. Əks halda yol qəzalarının sayını azaltmaq mümkün olmayacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Oktyabr 2024