Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, görüş Dövlət İmtahan Mərkəzi və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Bildirilib ki, görüşün keçirilməsində məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərmək və onlara mənəvi dəstək verməkdir.
Görüşdən əvvəl şagirdlər DİM-də yaradılmış muzeylə tanış olublar. Daha sonra Mərkəzin əməkdaşları tərəfindən iştirakçılar üçün “Psixoloji maarifləndirmə və erkən yaşda peşə seçimi haqqında təqdimat” nümayiş etdirilib.
Görüşün rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təşkil olunmuş görüşdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və Bakı, Abşeron, Sumqayıt məktəblərinin IX-XI siniflərində təhsil alan 70-dən çox şəhid övladı iştirak edib.
Tədbirdə iştirak edən şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan dərs vəsaitləri hədiyyə edilib.
Həmçinin DİM-in regional bölmələri vasitəsilə müxtəlif rayonlar üzrə də 100-dən artıq şagirdə imtahana hazırlaşdıqları fənn və ixtisas qruplarına uyğun 820, respublika üzrə ümumilikdə 1370 dərs vəsaiti təqdim edilib.
Mina Mikayılova
















