“İran ağıllı davranmalıdır. Rəsmi Vaşinqton hərbi qarşıdurma niyyətində deyil”.
Bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
O, İrana gedib insanları öldürmək istəmədiklərini bildirib. ABŞ lideri qeyd edib ki, əsas məqsəd regionda gərginliyin daha da artmasının qarşısını almaqdır. Lakin Tramp həm də İranla atəşkəs rejiminin uzadılmasını istəmədiyini söyləyib.
Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır. Bəzi ekspertlərə görə, Trampın ziddiyyətli mövqeyinin Ağ Evin İranla bağlı tərəddüd içində olması kimi şərh edirlər. Ancaq bunun əksini düşünənlər də var.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Azər Qasımov deyib ki, Tramp İranla müharibə istəməməklə sülh tərəfdarı olduğunu dünyaya göstərmək istəyir.
Ekspertin sözlərinə görə, ABŞ Prezidentinin əsas manevri Konqresdən yan keçməklə ehtiyac duyulduğu halda müharibəni davam etdirməkdir:
“Məsələ ondadır ki, ABŞ Konqresinin icazəsi olmadan Prezident sadəcə iki ay müddətində müharibə aparmaq imkanına malikdir. Savaşın davam etməsi üçün Konqresin icazəsi olmalıdır. Tramp müharibəni yarımçıq dayandırmaqla və müharibənin bitdiyini bəyan etməklə iki aylıq müddəti sıfırladı. Bir müddətdən sonra müharibəyə başlasa, yenidən iki ay əlində imkan olacaq ki, İranı öz şərtlərinə razı etməyə vaxtı olsun”.
Müsahibimiz hesab edir ki, burada tərəddüddən söhbət getmir. Dediyinə görə, Tramp məsləhət bildiyi halda yenidən müharibəyə başlayacaq, sadəcə qeyd edilən məsələləri yoluna qoyur. Yaxın Şərqə əsgər və silah-sursat daşınması hələ də davam edir.

Azər Qasımov: Körfəz ətrafında gərginliyin artacağı ehtimalı da böyükdür
Analitik əlavə edib ki, geniş yerüstü hərbi əməliyyatlar ehtimalı olmasa da, müəyyən əməliyyatların keçiriləcəyi gözlənilir:
“Hesab edirəm ki, Tramp İranla iqtisadi təzyiq dili ilə danışmaqla ölkə daxilində gərginliyi artırmağa çalışır və bununla rejim idarəçilərini müharibəyə təhrik etmək istəyir. Bu da effekt verir. SEPAH özünü cilovlaya bilməyərək BƏƏ-yə raketlər atır. Prezident Məsud Pezeşkian bunu pislədi. Ölkə daxilində qarşıdurma artır. Bunun üçün SEPAH-a müharibə lazımdır ki, daxili etirazların qarşısını alsın”.
Həmsöhbətimiz Körfəz ətrafında gərginliyin artacağı ehtimalının da böyük olduğunu deyir.
“Bundan sonra müharibənin son fazası başlayacaq. Nəticə İran üçün heç də yaxşı olmayacaq”, - deyə Azər Qasımov vurğulayıb.
Aydın Baxış
Bakı 




