İnsanın yetkinlik dövründə nitqi, davranışı və emosional reaksiyaları çox vaxt uşaqlıq təcrübələrinin təsiri ilə formalaşır.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.
Onun sözlərinə görə, uşaqlıq zamanı yaranan travmalar gələcəkdə özünüifadəyə, münasibətlərə və stresslə mübarizə bacarıqlarına təsir edir.
"Bəzən bu travmalar gizli qalaraq illər sonra çətinliklərə səbəb olur. Əgər gündəlik həyata mənfi təsir göstərirsə, psixoterapiya vasitəsilə həmin emosional yükü yüngülləşdirmək mümkündür".
Nəcəfov bildirib ki, psixoloji immunitet hadisəni inkar etmədən, onu olduğu kimi qəbul edib, onunla yaşamağı öyrənməklə formalaşır.
Psixoterapevt onu da bildirib ki, travmanın özündən çox ona münasibət daha böyük rol oynayır. Dediyinə görə, eyni hadisə hər insanda fərqli nəticə yaradır.
"Bəzilərinin dayanıqlılığını zəiflədib, digərlərində isə gücləndirir. Şəxsiyyət həm müsbət, həm də mənfi təcrübələrin sintezindən yaranır”.
Mina Mikayılova