Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Böyük Britaniya Biznes Forumunda çıxışı zamanı bildirib ki, yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədi açıla bilər. O, TRIPP layihəsinin inkişafı ilə paralel olaraq Ermənistan-Türkiyə sərhədinin açılmasını, həmçinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpasını gözlədiklərini də açıqlayıb.
Maraqlıdır, TRIPP layihəsi fonunda Azərbaycanda hansı iqtisadi sahələr daha çox inkişaf edə bilər? Həmçinin Ermənistan-Türkiyə sərhədinin açılması Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə necə təsir edəcək?
Milli Məclisin deputatı Azər Badamov bu sualları Bakıvaxtı.az-a cavablandırıb.
Onun sözlərinə görə, TRIPP layihəsinin açılması regionumuzda sülh və əməkdaşlıq nəticəsində yaranmış yeni reallıqların möhkəmlənməsinə xidmət edəcək. Çünki açılan hər bir kommunikasiya və ya iqtisadi əlaqə ölkələri bir-birinə daha çox bağlayır, qarşılıqlı maraqları artırır və münasibətlərin genişlənməsinə töhfə verir:
"TRIPP layihəsinə yalnız Azərbaycan-Ermənistan və ya Türkiyə-Ermənistan arasında kommunikasiyaların açılması kontekstində yanaşmaq düzgün deyil. Bu layihə bütövlükdə regionda kommunikasiyaların və iqtisadi əlaqələrin genişlənməsi baxımından qiymətləndirilməlidir. Eyni zamanda, ölkələr arasında kommunikasiyaların tam və dayanıqlı şəkildə açılması üçün, ilk növbədə, siyasi münasibətlər formalaşmalı və sülh yekun sənədlə təsdiqlənməlidir. Bu baxımdan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi yenə də ön plana çıxır. Ermənistan bu prosesi nə qədər sürətlə həyata keçirərsə, ölkələr arasında kommunikasiyaların açılması da bir o qədər tez baş verə bilər".

Deputat Azər Badamov
Deputat hesab edir ki, burada söhbət təkcə nəqliyyat və iqtisadi əlaqələrin qurulmasından deyil, yeni yaranmış sülh reallıqları əsasında dövlətlərarası münasibətlərin formalaşdırılmasından gedir.
"Təbii ki, kommunikasiyaların açılması Ermənistan üçün böyük Türkiyə bazarına, eyni zamanda Azərbaycan bazarına çıxış imkanının yaranması demək olacaq. Bu isə Ermənistan iqtisadiyyatı üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, bu proses Azərbaycan üçün də mühüm iqtisadi imkanlar vəd edir. Kommunikasiyaların genişlənməsi nəqliyyat, logistika, ticarət və digər iqtisadi sahələrin inkişafına əlavə impuls verə bilər", - deyə müsahibimiz əlavə edib.

Ermənistan-Türkiyə sərhədinin açılmasının Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə təsirinə də toxunan A. Badamov vurğulayıb ki, bu prosesə Azərbaycan-Türkiyə münasibətlərinə alternativ kimi yanaşmaq olmaz. Əksinə, regionda yaranan yeni kommunikasiyalar və iqtisadi əlaqələr mövcud əməkdaşlığı daha da genişləndirə bilər:
"Əsas məsələ ondan ibarətdir ki, bütün bu proseslər yeni yaranmış sülh reallıqları üzərində qurulmalıdır. Siyasi münasibətlər normallaşmadan, qarşılıqlı ərazi bütövlüyü prinsipləri qəbul edilmədən və sülh hüquqi baxımdan möhkəmləndirilmədən kommunikasiyaların açılması tam dayanıqlı xarakter daşıya bilməz. Ona görə də Ermənistanın qarşısında imkan və məsuliyyət var. Ermənistan bu reallıqları nə qədər tez qəbul edib üzərinə düşən siyasi addımları atarsa, Azərbaycan və Türkiyə ilə iqtisadi və kommunikasiya əlaqələrinin qurulması prosesi də bir o qədər sürətlə gedəcək".
Gülşən Şərif
















