“Zəfər tariximizin hər bir səhifəsi düşünülmüş siyasətin, peşəkarlığın, qətiyyətli qərarların, xalq və ordu birliyinin təntənəsidir”.
Bu sözləri 8 Noyabr - Zəfər günü ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən deputat Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bu Zəfər işğala son qoymaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı:
"Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, milli iradəmizi və tarixi ədalətin təntənəsini bir daha dünyaya göstərdi və bu tarix unudulmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, düşünülmüş strategiyası xalqı və ordunu birləşdirməklə qısa zamanda tarixi qələbəmizə yol açdı və düşmənin başı əzildi. Bu tarixi qələbəni Azərbaycan Prezidenti özü yüksək qiymətləndirir və Yeni Azərbaycan Partiyasının qurultayında "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, 8 Noyabr bizim əbədi bayramımız olacaq" sözünü səsləndirməklə zəfərimizin möhtəşəm və unudulmaz olduğunu bir daha bildirib".
Deputat qeyd edib ki, sözügedən Zəfər Azərbaycan xalqının Vətənə, torpağa sonsuz məhəbbətini və birliyini nümayiş etdirib. Bu birlik göstərdi ki, Vətən sevgisi yalnız hiss deyil, zərurət yarandıqda fədakarlığa çevrilən mənəvi gücdür.
"Qələbə xalqın birliyini ortaya qoymaqla həm düşmənə, həm də ona arxa olanlara zərbə oldu. Bu, həm də xalqımızın illərlə qəlbində yaşatdığı azadlıq arzusunun və tarixi ədalətin təntənəsi idi. Ölkə rəhbərinin xatırlatdığı kimi, “Qarabağ Ermənistandır və nöqtə” deyənlər, bu gün “Qarabağ Azərbaycandır!” həqiqətini qəbul etməyə məcbur oldular. Şanlı zəfərimiz bəşəriyyət tarixinə qalib bir xalq, yeni bir Azərbaycan, İlham Əliyev kimi uzaqgörən siyasi lider vətənpərvər, qətiyyətli Ali Baş Komandan, yenilməz ordu, mübariz qəhrəman xalq təqdim etdi", - müsahibimiz əlavə edib.

Tahir Rzayev: “Qarabağ Ermənistandır və nöqtə” deyənlər, “Qarabağ Azərbaycandır!” həqiqətini qəbul etməyə məcbur oldular
Tahir Rzayev hesab edir ki, Şanlı Zəfər tarixi bu gün böyük hörmət və ehtiramla anılır, qələbəni təmin edənlər, şəhidlərimiz ehtiramla yad edilir, qazilərə hər cür qayğı və diqqət göstərilir:
"Şanlı qələbəmiz qarşımıza yeni vəzifələr qoyur. İlham Əliyev qurultaydakı çıxışında və ən mötəbər tədbirlərdə bildirir ki, biz milli birliyimizi, həmrəyliyimizi, təhlükəsizliyimizi təmin etməkdən ötrü bundan sonra daha ayıq, daha sayıq olmalıyıq. Çünki ölkəmizə qarşı aparılan müəyyən təxribat xarakterli hərəkətlər, şantaj, böhtan kampaniyası qüvvələri birləşdirməyi, ideoloji mübarizəni sürətləndirməyi tələb edir. Bu, bu günün ən vacib tələbidir. Çünki biz şanlı qələbəmizi çox böyük çətinliklərdən, məhrumiyyətlərdən keçərək təmin etmişik".
Tahir Rzayev sonda vurğulayıb ki, 30 il torpaqlarımız düşmən tapdağı altında qalsa da, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Azərbaycanın haqlı səsinə cavab vermədilər, səsimizi eşitmədilər və Azərbaycan öz gücünə Qələbə qazandı.
Gülşən Şərif
















