1993-cü ilin martın 31-də Kəlbəcərin “Tunel” adlanan ərazisində baş verən faciə təkcə bir qırğın kimi deyil, həm də həmin dövrün siyasi, hərbi və sosial reallıqlarının kəskin təzahürü kimi yadda qalıb.
Ermənistanın genişmiqyaslı hücumları fonunda imkanların məhdudluğu, siyasi qeyri-sabitlik və müdafiə xəttindəki boşluqlar Kəlbəcərin işğalını qaçılmaz etmişdi. Bu hadisə yalnız bir rayonun itirilməsi deyildi - Azərbaycanın bütövlüyünə vurulan ağır zərbə, regionun humanitar fəlakətlə üzləşməsi və tarixi yaddaşda dərin iz buraxan faciə idi.
Bu gün isə Kəlbəcərin azad olunması və ardınca başlayan genişmiqyaslı bərpa-quruculuq işləri həmin ağrılı tarixlə müasir dövlət siyasəti arasındakı kəskin kontrastı ortaya qoyur.
Prezident İlham Əliyevin Kəlbəcər üzrə inkişaf strategiyası artıq real nəticələr verərək, bir vaxtlar dağıdılmış bölgəni yenidən həyat məkanına çevirir. Yeni yol infrastrukturu, elektrik xətləri, tunellər, yaşayış məntəqələri və sosial layihələr Kəlbəcərin gələcəyini formalaşdıran əsas dayaqlara çevrilir.
Bu proses həm 30 il əvvəl baş verən faciənin xatirəsini yaşadır, həm də o günlərin acılarını müasir Azərbaycanın iradəsi və gücü ilə yerdə qoyduğumuzu göstərir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Hikmət Babaoğlu deyib ki, “Tunel” faciəsi adlandırılan hadisə Azərbaycan xalqına qarşı erməni vandalizminin ən qəddar cinayətlərindən biri kimi tarix yaddaşımıza yazılıb:
"Çünki 1993-cü ildə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, milli gücümüzü ermənilərə qarşı səfərbər edə bilməməsi, xalqımızın silahla təmin edilə bilməməsi kimi hallar erməni cinayətlərinin daha asan Azərbaycan xalqına qarşı törədilməsinə imkanlar yaradırdı".
Onun sözlərinə görə, biz çox təəssüf ki, bu günləri yaşadıq:
"Ancaq hazırda ötən illər ərzində Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət, yaranmış yeni şərtlər, güclənmiş milli dövlətimiz elə bir səviyyəyə gəlib çatdı ki, bütün bu hadisələrin, bütün bu cinayətlərin qisasını almağı bacardıq. Erməni işğalçılarını sərhədlərimizdən kənarata bildik və onlara törətdikləri bütün cinayətlərə görə dərs verməyi bacardıq".

Hikmət Babaoğlu: Cinayətin baş verdiyi tunellər də, o ərazilər də, o torpaqlar da yenidən inşa olunur
Həmsöhbətimiz qeyd edib ki, həm döyüş müstəvisində, həm də hüquqi müstəvidə bu gün bu cinayətləri təşkil edənlərin böyük əksəriyyəti Azərbaycanda öz layiqli cəzalarına çatdırılıblar:
"Hazırda isə Azərbaycan xalqının işğaldan azad olunmuş ərazilərinə, o cümlədən, ölkəmizin dilbər guşələrindən biri olan Kəlbəcərə 'Böyük Qayıdış' prosesi həyata keçirilməkdədir. Cinayətin baş verdiyi tunellər də, o ərazilər də, o torpaqlar da yenidən inşa olunur, dağıdılmış kəndlərimiz bərpa olunur".
Hikmət Babaoğlu deyib ki, Kəlbəcər artıq dünyanın ən gözəl şəhərləri sırasında öz yerini alıbdır və bundan sonra daha da inkişaf edəcək:
"Bütün bunlar isə İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir, Azərbaycan xalqı tərəfindən ölkə prezidentinin bu siyasətinin dəstəklənməsi sayəsində mümkün olub".
Əli Hüseynov
Bakı 




