Xocalı soyqırımı tariximizdə faciəvi, amma eyni zamanda milli qürurumuzu gücləndirən hadisədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev bildirib.
O bildirib ki, xalqımız bu günü alnıaçıq və başıuca yad edir. Dünən Cənab Prezidentin Xocalıya səfəri və memorial abidə kompleksinin açılışında iştirakı ədalətin təmin olunduğunu bir daha dünyaya nümayiş etdirib.
Deputat qeyd edib ki, Xocalı zamanı düşmənlər hesab edirdilər ki, Azərbaycan xalqı diz çökəcək. Lakin soyqırım xalqımızın milli əzmini daha da gücləndirdi və birliyimizi möhkəmləndirdi. Liderimizin rəhbərliyi altında bu tarixi missiya şərəflə başa çatdırılıb.
Tural Gəncəliyev həmçinin Xocalı soyqırımı ilə paralel olaraq 90-cı illərdə Balkanlarda və Ruandada törədilən soyqırımlardan danışıb. O qeyd edib ki, həmin soyqırımların araşdırılması üçün beynəlxalq tribunal yaradılmışdı. Təəssüf ki, Xocalı ilə bağlı BMT qətnamələri kağız üzərində qalıb, icra olunmayıb.
Parlament üzvü vurğulayıb ki, Prezidentin rəhbərliyi altında Bakı məhkəməsi Xocalı canilərini layiqincə cəzalandırıb. Eyni zamanda, bəzi beynəlxalq dairələrin qərara qarşı çıxmasını absurd sayan Tural Gəncəliyev bildirib ki, haqq və ədalət gecikə bilər, amma mütləq təmin olunur və qalib gəlir.
Əli Hüseynov
Bakı 




