Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2025-ci il üçün Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər Azərbaycanın Türkiyə Respublikası ilə inteqrasiya edilmiş sərhəd buraxılış məntəqəsinin yaradılması imkanlarının təhlil edilməsi və nəticələri barədə arayışın Komissiyaya təqdim edilməsi planlaşdırılır.
Qeyd edək ki, bu ilin 1 noyabr tarixinə qədər idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin rəqəmsallaşdırılması istiqamətində “Elektron Bir Pəncərə” informasiya sisteminin yaradılması, 1 dekabr tarixinə qədər isə dövlət qurumlarının “Elektron Bir Pəncərə” informasiya sisteminə inteqrasiya edilməsi gözlənilir.
Eyni zamanda 1 sentyabr 2025-ci il tarixinə qədər logistika xidməti sahəsini tənzimləyən vahid normativ hüquqi akt layihəsinin imzalanması prosesinin sürətləndirilməsi və gömrük dəyərinin dəqiq, dürüst və qüvvədə olan qanunvericilik çərçivəsində rəqəmsal həllər əsasında müəyyənləşdirilməsi ilə bağlı “Rəqəmsal Gömrük Dəyəri” sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülüləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupu”na rəhbərliyi Dövlət Gömrük Komitəsi sədr müavini Natiq Şirinov həyata keçirir.