Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Endi Börnhem qabaqcıl müdafiə həlləri yaratmaq üçün süni intellekt (AI) sahəsində əməkdaşlıq niyyəti haqqında birgə bəyanat imzalayıblar.
Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, saziş liderlərin Kiyevdəki görüşü çərçivəsində əldə olunub.
"Mən çox şadam ki, siz ölkəmizə gəlmək qərarına gəldiniz, xüsusən bu gün, ən vacib gündə – Müstəqillik Günümüzdə", - Zelenski Böyük Britaniyaya maliyyə və hərbi dəstəyə görə təşəkkür edərək bildirib.
Börnhem Londonun Kiyevə sarsılmaz dəstəyini bir daha təsdiqləyərək, Baş nazir kimi ilk xarici səfərini məhz Ukraynaya etməyi zəruri saydığını vurğulayıb.
"Bu gün sizinlə olmaq mənim üçün şərəf idi və biz sona qədər sizinlə olacağıq", - Britaniya hökumətinin başçısı yekunlaşdırıb.
Qeyd edək ki, saziş məlumatların ötürülməsi və hərbi obyektlərin mühafizəsi üçün AI əsasında texnologiyaların, avtonom sistemlərin, pilot formatında dronlar üçün mikroçiplərin birgə hazırlanmasını, eləcə də müdafiə sənayesi və tədqiqat mərkəzləri arasında əməkdaşlığı nəzərdə tutur.
Saziş çərçivəsində Böyük Britaniya Ukraynanın AI laboratoriyası olan "Avengers Labs"a çıxış əldə edən ilk beynəlxalq tərəfdaş olub. Tərəfdaşlıq ilkin mərhələdə müdafiə və milli təhlükəsizlik sahəsindəki layihələrə cəmləşəcək. Onların hazırlanmasında isə hər iki ölkədən tədqiqatçılar, mühəndislər, texnoloji şirkətlər və hərbi ekspertlər iştirak edəcəklər.




