• Bakı 27° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Rusiya Ukraynada hədəfinə nail olsa: Cənubi Qafqazda yeni PLANLAR…- “Kartlar açılır”

SİYASƏT

25 Avqust 2025 | 11:55

Rusiya Ukraynada hədəfinə nail olsa: Cənubi Qafqazda yeni PLANLAR…- “Kartlar açılır”

Putin–Tramp görüşündən sonra Rusiya–Ukrayna müharibəsində sanki yeni bir pərdə açıldı. Müharibənin alovu səngimək əvəzinə daha da şiddətləndi, qarşıdurma yeni gərginləşmə mərhələsinə qədəm qoydu. Artıq aydındır ki, ABŞ belə bu savaşı təkbaşına dayandırmaq gücündə deyil, Qərbin bütün siyasi və hərbi dəstəyi də Kreml qarşısında yetərli görünmür. Moskva isə öz məqsədlərinə bir addım da yaxınlaşdığını nümayiş etdirməyə çalışır.

Amma böyük sual ortadadır: görəsən, Rusiya Ukraynada tam istədiyinə nail ola biləcəkmi? Bu, təkcə iki ölkə arasındakı savaşın taleyini deyil, bütövlükdə regionun geosiyasi mənzərəsini müəyyənləşdirəcək məsələdir. Çünki əgər Kreml Ukraynada məqsədlərinə çatarsa, bununla kifayətlənməyəcək. Onun imperiya iştahı daha da artacaq və növbəti hədəf məkan Cənubi Qafqaz ola bilər.

Burada isə ən mühüm sual Azərbaycanla bağlıdır. Rusiya postsovet məkanında tam müstəqil siyasət yürüdən, öz torpaqlarını işğaldan azad etməklə yeni reallıqlar yaradan Azərbaycanı həmişə xüsusi diqqətlə izləyib. Belə olan halda, Moskvanın Ukraynadan sonra hansı addımları atacağı, Cənubi Qafqazda hansı siyasi gedişlərə əl ata biləcəyi və məhz Azərbaycanla bağlı hansı planları gündəmə gətirə biləcəyi hər kəsin maraq dairəsindədir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ukrayna–Rusiya müharibəsində gərginliyin yenidən artması təbiidir. Tərəflər qarşıda gözlənilən danışıqlara qədər mövqelərini gücləndirməyə çalışırlar. Bu prosesdə Rusiya, danışıqlar adı altında, əslində müharibəni daha da şiddətləndirir. Ukrayna ərazilərinə müxtəlif istiqamətlərdən zərbələr endirməklə mülki obyektlərə ciddi ziyan vurur və Kiyevi təslim olmağa vadar etmək istəyir. Lakin buna nail olması inandırıcı görünmür:

"Əsas səbəb Ukraynanın davam edən müqavimət gücüdür. Ukraynanın artıq öz istehsalı olan silahları döyüş meydanında sınaqdan keçirilir və uğurla tətbiq olunur. Eyni zamanda Ukrayna Rusiyanın ərazilərində hücumlar həyata keçirir, strateji obyektləri hədəfə alır və Rusiyadan fərqli olaraq mülki infrastruktura zərər vermir. Bu amillər yaxın perspektivdə müharibənin dayanmasının real olmadığını göstərir".

Onun sözlərinə görə, hazırda Ukrayna ərazilərinin təxminən 22 faizi Rusiyanın işğalı altındadır ki, bu da ciddi problem hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, Rusiya ilkin mərhələdə Ukraynanı 3–7 gün ərzində ələ keçirəcəyini düşünürdü. Bu plan tamamilə fiaskoya uğradı – artıq üç ildən çoxdur ki, müharibə davam edir və Moskva həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan böyük itkilər verir:

Oqtay Qasımov: Rusiya Ukraynada hədəflərinə nail olsa, bu, Cənubi Qafqaz və digər postsovet məkanında ciddi nəticələr doğuracaq

"ABŞ-nin təşəbbüsünün sona çatdığını söyləmək tezdir. Donald Trampın hakimiyyətə qayıdışı fonunda tərəfləri bir araya gətirmək və ən azı atəşkəs əldə etmək üçün cəhdlər ediləcəyi gözlənilir. Hətta ərazi mübadiləsi kimi variantların da gündəmə gəlməsi istisna deyil. Buna görə də prosesin hələ uzun müddət davam edəcəyi görünür. Rusiya Ukraynada hədəflərinə nail olsa, bu, Cənubi Qafqaz və digər postsovet məkanında ciddi nəticələr doğuracaq. İlk növbədə Azərbaycana və Qazaxıstana təzyiqlər arta bilər. Çünki Moskvanın imperiya ambisiyaları güclənəcək. Bu isə region ölkələri üçün yeni gərginliklər deməkdir".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan xüsusi olaraq hədəfə çevrilə bilər. Səbəb isə Azərbaycanın postsovet məkanında müstəqil siyasət yürüdən, öz gücü ilə torpaqlarını işğaldan azad edən və yeni geosiyasi reallıq yaradan ölkə olmasıdır. Rusiya bu reallığı qəbul etməkdə çətinlik çəkir:

"Buna baxmayaraq, Moskvanın təzyiqlərinin Azərbaycanı müstəqil siyasətindən döndərməsi mümkün deyil. Azərbaycan tarix boyu müxtəlif təzyiqlərlə üzləşib və bu gün də müstəqil qərar verməkdə qətiyyətlidir. Əksinə, belə davranışlar Rusiyanın Cənubi Qafqazdakı maraqlarına daha çox zərbə vuracaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR