"Antibiotiklər virus infeksiyalarına təsir etmir və özbaşına istifadəsi uşağın sağlamlığı üçün ciddi risk yaradır".
Bakıvaxtı.az xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.
Pediatr qeyd edib ki, virus infeksiyalarında antibiotiklərin heç bir təsiri yoxdur. Onun sözlərinə görə, antibiotiklər bakteriyalara qarşı təsirlidir, viruslara qarşı isə effekt göstərmir. Əksinə, əsassız antibiotik istifadəsi gələcəkdə antibiotikə davamlılıq - rezistentlik yarada bilər.
S.Cəfərova vurğulayıb ki, bu halda uşaq sonradan ağır bakterial infeksiya keçirdikdə həmin antibiotiklər təsirsiz qala bilər. Bundan əlavə, antibiotiklərin özbaşına qəbulu bağırsaq mikroflorasının pozulmasına, immun sistemin zəifləməsinə, allergik və digər arzuolunmaz reaksiyalara səbəb ola bilər.
Pediatr əlavə edib ki, nəinki antibiotiklər, ümumiyyətlə həkim məsləhəti olmadan hər hansı antiviral və ya digər dərman vasitələrinin istifadəsi tövsiyə olunmur. Onun sözlərinə görə, əgər virus infeksiyası zamanı uşağın qızdırması üç gündən artıq davam edirsə və ya vəziyyəti ağırlaşırsa, mütləq həkimə müraciət edilməlidir.
Zeynəb Rzayeva
Bakı 




