Uşaqlarda piylənmə çox vaxt gec mərhələdə aşkar edilir, çünki valideynlər artıq çəkini normal qəbul edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 4 mart - Dünya Piylənmə Günü ilə bağlı keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, uşaqlarda piylənməni yalnız zahiri görünüşə əsasən qiymətləndirmək düzgün deyil və bunun üçün xüsusi tibbi hesablamalar aparılmalıdır. “Valideynlər çox zaman artıq çəkili və ya piylənməsi olan uşaqları normal qəbul edirlər. Nəticədə bizə müraciət gecikmiş formada olur”, - deyə mütəxəssis bildirib.
Azad Əkbərzadə vurğulayıb ki, uşaqlarda əsas göstərici bədən kütlə indeksidir. Lakin bu indeks böyüklərdə olduğu kimi eyni rəqəmlərlə qiymətləndirilmir.
“Uşaqlarda boy və çəki nisbəti yaşa görə dəyişdiyi üçün xüsusi şkala və cədvəllərdən istifadə olunur. Əgər bədən kütlə indeksi 85-ci faiz göstəricisinin üzərindədirsə, artıq söhbət piylənmədən gedir”, - deyə o qeyd edib.
Mütəxəssis əlavə edib ki, piylənmənin qiymətləndirilməsi üçün digər üsullar da mövcuddur. “Dəri qalınlığının ölçülməsi, qarın çevrəsinin müəyyən edilməsi kimi metodlar var. Amma bunlar artıq peşəkar həkim tərəfindən aparılan müayinələrdir”, - deyə uşaq endokrinoloqu bildirib.
Azad Əkbərzadə valideynlərə tövsiyə edib ki, uşağın çəkisini yalnız gözlə deyil, tibbi meyarlarla qiymətləndirsinlər və şübhə yarandıqda mütəxəssisə müraciət etsinlər.
Zeynəb Rzayeva
Bakı 




