“Virus infeksiyaları uşaqlar arasında əsasən hava-damcı yolu ilə yayılır və kollektiv mühitdə yoluxma riski daha yüksəkdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.
Pediatr qeyd edib ki, virusların əsas yoluxma yolu hava-damcı mexanizmidir. Onun sözlərinə görə, asqırma və öskürmə zamanı havaya yayılan virus hissəcikləri bir insandan digərinə asanlıqla keçir.
S.Cəfərova bildirib ki, bəzi viruslar mədə-bağırsaq yolu ilə də ötürülə bilər. Bu zaman çirklənmiş əllər, viruslu səthlər, uşağın əllərini ağzına və burnuna aparması, eləcə də çirklənmiş suyun qəbulu yoluxmaya səbəb olur.
O vurğulayıb ki, sıx kollektivlərdə - uşaq bağçalarında, oyun otaqlarında və digər kütləvi yerlərdə yoluxma halları daha çox qeydə alınır. Gigiyenik qaydalara əməl edilmədikdə və immun sistemi zəif olan uşaqlarda xəstələnmə riski artır.
Pediatr əlavə edib ki, virus infeksiyalarına daha çox 6 aydan 5 yaşa qədər olan uşaqlarda rast gəlinir. Məktəb yaşlı uşaqlarda isə xəstələnmə halları nisbətən azalır.
Zeynəb Rzayeva
Bakı 




