q
  • Bakı 12° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Məlumat bankı və risklər: Uşaq hüquqlarında yeni mərhələ

SİYASƏT

16 Aprel 2026 | 16:49

Məlumat bankı və risklər: Uşaq hüquqlarında yeni mərhələ

Son illərdə ölkədə uşaq hüquqlarının qorunması istiqamətində yeni hüquqi mexanizmlərin tətbiqi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin yaradılması və nəzarət alətlərinin gücləndirilməsi uşaqların təhlükəsiz mühitdə yaşaması, zorakılıqdan qorunması və fundamental hüquqlarının təmin edilməsi baxımından mühüm addımlar kimi qiymətləndirilir. Lakin hüquqi bazanın mövcudluğu onun praktikada effektiv işləyəcəyi anlamına avtomatik olaraq zəmanət vermir.

Əsas məsələ qəbul edilən mexanizmlərin real həyatda necə tətbiq olunacağı, bu prosesdə dövlət qurumlarının koordinasiyası, icra intizamı və cəmiyyətin maarifləndirmə səviyyəsi ilə birbaşa bağlıdır.

Təcrübə göstərir ki, bir çox hallarda qanunların kağız üzərində qalması, icra mexanizmlərinin yetərincə işləməməsi və ya institusional boşluqlar uşaqların hüquqlarının tam təmin olunmasına maneə yarada bilər. Bu baxımdan, yeni hüquqi mexanizmlərin effektivliyinin qiymətləndirilməsi yalnız normativ çərçivə ilə deyil, həm də onların tətbiqində qarşıya çıxan praktiki çətinliklərin təhlili ilə mümkün olur.

Məhz bu kontekstdə sual yaranır: tətbiq edilən yeni hüquqi mexanizmlər uşaqların real müdafiəsini nə dərəcədə təmin edə biləcək və bu prosesdə hansı institusional, inzibati və icra problemləri özünü göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə deyib ki, uşaqların müdafiəsi ilə bağlı tətbiq edilən yeni hüquqi mexanizmlər normativ baza baxımından mütərəqqi hesab olunsa da, onların real effektivliyi birbaşa icra praktikasından asılı olacaq.

Hüquqşünas qeyd edir ki, qanunvericiliyə daxil edilən yeniliklər – xüsusilə uşaqlar haqqında məlumat bankının yaradılması, onların şəxsi həyatının qorunması ilə bağlı məhdudiyyətlərin sərtləşdirilməsi və müxtəlif dövlət qurumları arasında koordinasiyanın nəzərdə tutulması - müasir beynəlxalq standartlara uyğun addımlar kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu mexanizmlər düzgün tətbiq olunarsa, risk qrupunda olan uşaqların daha erkən müəyyən edilməsi və müdafiə tədbirlərinin operativ görülməsi mümkün olacaq.

Bununla belə, Rüstəm Əzimzadə praktiki müstəvidə bir sıra ciddi problemlərin yarana biləcəyini istisna etmir.

“Əsas çətinliklərdən biri institusional koordinasiyanın zəif olmasıdır. Qanun bir neçə qurumun paralel fəaliyyətini tələb edir, lakin bu qurumlar arasında məlumat mübadiləsi və operativ əməkdaşlıq lazımi səviyyədə qurulmasa, mexanizmlər kağız üzərində qala bilər”, - deyə o bildirib.

 

Rüstəm Əzimzadə: Məlumat bankının yaradılması ilə bağlı məqamlar xüsusi həssaslıq tələb edir

Ekspert həmçinin insan resursları məsələsinə diqqət çəkərək vurğulayıb ki, uşaq müdafiəsi sahəsində ixtisaslaşmış sosial işçilərin, psixoloqların və hüquqşünasların sayı kifayət deyil. Bu isə hər bir müraciətin dərindən araşdırılması və fərdi yanaşmanın təmin olunmasını çətinləşdirir.

Hüquqşünas əlavə edib ki, məlumat bankının yaradılması ilə bağlı məqamlar xüsusi həssaslıq tələb edir: “Uşaqlarla bağlı məlumatların toplanması və emalı zamanı şəxsi məlumatların qorunması prioritet olmalıdır. Əks halda, bu sistem uşaqları qorumaq əvəzinə, onların əlavə risklərlə üzləşməsinə səbəb ola bilər”.

Onun fikrincə, digər vacib məsələ hüquqi maarifləndirmədir. Valideynlər, müəllimlər və ümumilikdə cəmiyyət yeni qaydalar barədə kifayət qədər məlumatlı olmadıqda, qanunun tətbiqi effektiv olmur və bəzən formal xarakter daşıyır.

Hüquqşünas onu da vurğulayıb ki, qəbul edilən hüquqi mexanizmlərin uğuru yalnız qanunların mövcudluğu ilə deyil, onların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi, şəffaflığın təmin olunması və ictimai iştirakçılığın artırılması ilə mümkün olacaq.

“Əks halda, ən yaxşı yazılmış qanun belə real həyatda gözlənilən nəticəni verməyə bilər”, - deyə Rüstəm Əzimzadə fikrini yekunlaşdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR