Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsi ilə əlaqəli biznes strukturlarının sonrakı taleyi və “Arkoz” şirkətlər qrupunun fəaliyyəti yenidən diqqət çəkir.
Bakıvaxtı.az xəbər verir ki, açıq mənbələrdə “Arkoz” şirkətlər qrupunun, yəni “Arkoz Holdinq”in əslən Türkiyənin Doğubəyazit rayonundan olan türk iş adamı Emin Uçara məxsus olduğu bildirilir.
Məlumata görə, “Arkoz”un Azərbaycandakı fəaliyyəti Naxçıvandakı əvvəlki biznes strukturları ilə bağlıdır. Şirkət əvvəllər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinə məxsus olduğu bildirilən “Gəmiqaya Holdinq”in tərkibində “Arkoz İnşaat” adı ilə fəaliyyət göstərib.
Vasif Talıbovun istefasından sonra isə Naxçıvanda və ölkənin digər ərazilərində əvvəlki biznes strukturlarına daxil olan bir sıra obyektlərin, o cümlədən sement zavodları və tikinti sahəsində fəaliyyət göstərən müəssisələrin Emin Uçarın rəhbərlik etdiyi “Arkoz Holdinq”ə keçdiyi barədə məlumatlar yayılıb.
Hazırda “Arkoz” adı altında fəaliyyət göstərən bir sıra şirkətlər də dövlət qarşısında vergi borcları ilə gündəmə gəlir.
Dövlət Vergi Xidmətinin açıq məlumatlarına əsasən, “Arkoz Yol-Su Enerji” MMCnin VÖEN-i 1604808561-dir. Şirkət aktiv vergi ödəyicisidir, ƏDV qeydiyyatındadır və riskli vergi ödəyicisi hesab edilmir. Buna baxmayaraq, şirkətin vergi borcu 12 573,36 manat təşkil edir.
Digər şirkət - “Arkoz Metal Konstruksiyalar Zavodu” MMCnin VÖEN-i 0200216121-dir. Bu müəssisə də aktiv statusdadır, ƏDV qeydiyyatındadır və riskli vergi ödəyicisi kimi qeydə alınmayıb. Şirkətin vergi borcu isə 83 791,73 manatdır.
Beləliklə, yalnız bu iki şirkət üzrə dövlət qarşısında ümumi vergi borcu 96 365,09 manat təşkil edir.
Burada diqqətçəkən məqam “Arkoz” şirkətlərinin keçmişi ilə bağlıdır. Açıq mənbələrdə şirkətlərin əvvəlki dövrdə Vasif Talıbovun ailəsi ilə əlaqələndirilən “Gəmiqaya Holdinq” strukturu daxilində fəaliyyət göstərdiyi, sonrakı mərhələdə isə bu bizneslərin Emin Uçar və onun rəhbərlik etdiyi “Arkoz Holdinq”ə keçdiyi bildirilir.
Yəni sözügedən şirkətlərin hazırkı sahibi kimi Emin Uçar göstərilir, onların Vasif Talıbovla əlaqəsi isə əvvəlki biznes strukturu və “Gəmiqaya Holdinq” dövrü ilə bağlıdır.
Məsələ ilə bağlı açıq mənbələrdə yayılan məlumatlar əsasında, “Arkoz”un Naxçıvandakı biznes imperiyasının əvvəlki və sonrakı sahibliyi arasında əlaqə diqqət çəkir. Eyni zamanda, şirkətlərin hüquqi sahibliyi ilə bağlı məlumatların zaman-zaman dəyişə biləcəyini də nəzərə almaq lazımdır.
Murad İsmayıl
Bakı 



