ABŞ Dövlət Departamenti Ukraynanın hazırda müharibədə üstün vəziyyətdə olduğunu və Rusiyaya qarşı təzyiqi davam etdirdiyini açıqlayıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceremi Levin Vaşinqtonun mövqeyini açıqlayarkən bildirib ki, Ukrayna müharibənin dinamikasını öz xeyrinə dəyişməyə nail olub.
Onun sözlərinə görə, Kiyev döyüş meydanında təzyiqi davam etdirir, təşəbbüsü əlində saxlayır və Rusiyanın infrastruktur obyektlərinə zərbələr endirməyi sürdürür. ABŞ rəsmisi hesab edir ki, Ukrayna hazırda döyüş əməliyyatlarında üstün mövqedədir və Rusiyaya təzyiq göstərmək imkanlarını qoruyub saxlayır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Samir Əsədli deyib ki, bu məsələyə münasibətdə konkret faktlara söykənmək lazımdır. Dediyinə görə, Ukraynanın “müharibəni qazandığını” demək tezdir, amma onun ciddi müqavimət göstərdiyini inkar etmək də reallıqdan uzaqdır:
“Rusiya dünyanın ən böyük hərbi güclərindən biri kimi bir neçə həftəyə Kiyevi ələ keçirməyi planlaşdırırdı. Halbuki illər keçməsinə baxmayaraq bu məqsədə nail ola bilməyib, böyük canlı qüvvə və texnika itkiləri verib, iqtisadiyyatı isə sanksiyaların ağır təzyiqi altındadır. Ukrayna isə nəinki müdafiə qabiliyyətini qoruyub saxlayır, hətta uzaqmənzilli zərbələrlə Rusiyanın hərbi və logistika infrastrukturuna ciddi zərbələr endirir”.

Samir Əsədli: Ukrayna müəyyən istiqamətlərdə təşəbbüsü ələ ala bilər, lakin...
Müsahibimiz qeyd edib ki, amma bütün bunlar Ukraynanın mütləq hərbi qələbə qazandığı anlamına gəlmir. Onun sözləribnə görə, cəbhədə vəziyyət hələ də mürəkkəbdir və hər iki tərəf itkilər verir:
“Ancaq Rusiyanın “bir neçə günə bitəcək xüsusi əməliyyatı” uzunmüddətli və baha başa gələn müharibəyə çevrilməsi faktının özü Kremlin hesablamalarının iflasa uğradığını göstərir. ABŞ rəsmilərinin açıqlamalarını nə tam həqiqət, nə də sırf təbliğat kimi qiymətləndirmək düzgün olar. Ukrayna müəyyən istiqamətlərdə təşəbbüsü ələ ala bilər, lakin müharibənin yekun nəticəsini indidən qəti şəkildə proqnozlaşdırmaq mümkün deyil”.
Aydın Baxış
Bakı 



