q
  • Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Xalq artisti 60 yaşını tamaşaçılarla qeyd edəcək 

ŞOU

23 Aprel 2026 | 13:44

Xalq artisti 60 yaşını tamaşaçılarla qeyd edəcək 

Bu gün Xalq artisti, müğənni və aktrisa Məleykə Əsədovanın doğum günüdür.

Bakıvaxtı.az 60 yaşı tamam olan sənətçi ilə əlaqə saxlayıb.

Xalq artisti bildirib ki, ad gününü tamaşaçıları ilə birlikdə qeyd edəcək: “Bu gün mənim üçün çox gözəl bir gündür. Yaşımı sevirəm. İllərim addımlarımdır. Hər addımımda isə zəhmət var. Bu yaşa çatmaqda zəhmət var. Aprel ayının əvvəlindən bəri ad günümlə bağlı təbriklər gəlir. Ötən gün gecə saat 12 olan kimi isə ilk məni qızım təbrik edib. Mən səhnə üçün doğulmuşam. Uşaqlıqdan bəri bu sənəti sevmişəm və sənətin ən çətinini seçmişəm. Buna görə ad günümü də səhnədə, tamaşaçılarımla qeyd edəcəyəm. Bu gün İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilmiş “Xurşidbanu Natəvan” tamaşası ilə səhnədə olacağam”. 

Qeyd edək ki, Məleykə Əsədova 1966-cı il aprelin 23-ü Neftçala rayonunda anadan olub. O, 1998-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır. 2014-cü ildə Cəfər Cabbarlı adına Mükafata layiq görülüb. 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bir çox film və tamaşalarda rol alan aktrisa Gültəkin (“Aydın”, Cəfər Cabbarlı), Leyli (“Leyli və Məcnun”), Şirin (“Fərhad və Şirin”, Səməd Vurğun), Jalə (“Yad qızı”, Orxan Kamal), Əfsanə (“İtkin gəlin” Əlibala Hacızadə), Cavidan (“Dodaqdan qəlbə”, Rəşad Nuri Güntəkin), Sara (“Apardı sellər Saranı”, Kəmalə Ağayeva), Xurşidbanu Natəvan (“Güllələnmiş heykəllər”, Hüseynbala Mirələmov) və başqa bir çox obrazları ilə sevilir./Qafqazinfo


SON XƏBƏRLƏR