Bir neçə gün əvvəl İran Xalq Mücahidləri Təşkilatının 250 üzvü Tehranda İran rəhbəri Əli Xameneinin iqamətgahına hücum edib. Bu iddia ilə Xalq Mücahidləri çıxış edib.
Bildirilib ki, bir neçə saat davam edən qarşıdurma nəticəsində Xalq Mücahidləri Təşkilatının 100 üzvü həlak olub. Hücumun məqsədi barədə açıqlama verilməyib. İran hökuməti və mediası bununla bağlı heç bir məlumat yaymayıb.
Qeyd edək ki, Əli Xameneinin iqamətgahının ətrafında Prezident Adminstrasiyası da daxil olmaqla, dövlət qurumları yerləşdyi üçün ciddi qorunan bölgədir. Daha sonra həmin bölgədəki məktəblərdə tətil elan edildiyi barədə məlumatlar yayılmışdı. İran Təhsil Nazirliyi yaydığı bəyanatda məlumatı təkzib edib və bunu “informasiya dələduzluğu” adlandırıb.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Natiq Miri bildirib ki, İranda “xalq mücahidləri” barədə informasiya və dezinformasiyanın ortalığa atılmasını təsadüfi saymır.
Onun sözlərinə görə, “xalq mücahidləri” İranda müxalif qüvvə olaraq ən mobil və təşkilatlanmış güc sayılır:
“Doğrudur, bu qüvvələr yer altında sayılır. Onların əsas mənzil-qərargahı Albaniyada, Adriatik dənizin sahillərindəki bir əyalətdə yerləşir. 15 minə yaxın üzvlərinin olması barədə informasiyalar mövcuddur. Ancaq məsələ ondadır ki, İran “xalq mücahidlərini” terror təşkilatı elan etsə də, 2009-cü ildə Avropa İttifaqı, 2012-ci ildə ABŞ bu təşkilatı “terror təşkilatı siyahısından çıxartdı. Onu əsas gətirdilər ki, “xalq mücahidləri” artıq silahı yerə qoyub, silahlı mübarizədən imtina edib. Bununla da “xalq mücahidləri” Cenevrə Konvensiyasına uyğun olaraq hüquqları müdafiə olunan qurumlar siyahısına salınıb”.

Natiq Miri: “Xalq mücahidləri” yaxşı bilir ki, Xamenei hər gün yer dəyişdirir və bir məkanda qalmır
Analitik əlavə edib ki, İrandakı “xalq mücahidləri”nin indiki məqamda silahlı mübarizəyə başlayacağı o qədər də inandırıcı görünmür. Onun fikrincə, xüsusən, İranın dini rəhbərinin qərargahına hücum edəcəkləri az ehtimaldır:
“Əgər söhbət silahlı hücumdan gedirsə, hər iki tərəfdən insanların ölməsi faktı qeydə alınmalı idi. Amma fikir verirsizsə, ölümlər birtərəflidir və itki verənlər ancaq “xalq mücahidləri”dir. Ona görə də bu məlumatlar şübhəlidir. Xameneinin qərargahına hücum Xalq Mücahidləri Təşkilatına nə verə bilərdi? Çox güman ki, “xalq mücahidləri” özləri də yaxşı bilir ki, İranın ali dini rəhbəri hər gün yer dəyişdirir və bir məkanda qalmır”.
Aydın Baxış
Bakı 




