• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Xarici dəstək olmadan Ukraynanın müharibəni davam etdirməsi çətindir - AÇIQLAMA

SİYASƏT

24 Noyabr 2025 | 12:11

Xarici dəstək olmadan Ukraynanın müharibəni davam etdirməsi çətindir - AÇIQLAMA

Ukrayna müharibəsinin yaratdığı geosiyasi nəticələr fonunda bir daha aydın olur ki, hər bir ölkənin təhlükəsizlik arxitekturasının formalaşdırılmasında güclü, prinsipial və strateji düşüncəyə malik liderin rolu həlledicidir.

Azərbaycan nümunəsi bunu açıq şəkildə göstərir: 30 illik işğal dövründə Azərbaycan haqq səsini dünyaya çatdırsa da, özlərini demokratiyanın, insan hüquqlarının və qlobal təhlükəsizliyin qarantları adlandıran qüvvələr bunu eşitmək istəmirdilər. Buna baxmayaraq, Azərbaycan heç kimdən real yardım almadan, öz gücünə haqq müharibəsində qalib gəldi, ərazi bütövlüyünü bərpa etdi və dünyanın yeni reallığı qəbul etməsinə nail oldu. Bu proses Prezident İlham Əliyevin xarizmatik liderliyinin, strateji baxışının və dövlət maraqlarını hər şeydən üstün tutan siyasi iradəsinin nəticəsi kimi dəyərləndirilir.

Bütün bunların fonunda Ukraynanın hazırkı faciəsinin əsas səbəblərindən biri kimi güclü, milli maraqları qətiyyətlə müdafiə edə bilən liderin olmamasını göstərmək nə dərəcədə əsaslı yanaşmadır? Beynəlxalq təhlükəsizlik sistemində lider faktorunun həqiqi rolu nədən ibarətdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki,beynəlxalq təhlükəsizlik sistemində güclü lider faktoru xüsusi önəm daşıyır. Xüsusilə xarici təcavüzə məruz qalan dövlətlər üçün bu, son dərəcə aktual məsələdir. Hər bir ölkənin müdafiəsində güclü liderin rolu danılmaz reallıqdır:

"Azərbaycan da Ermənistanın işğalına məruz qalan dövlət kimi bu prosesləri yaşamışdı. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan işğala son qoydu, ərazi bütövlüyünü və sərhədlərini bərpa etdi. Bu gün Azərbaycan güclü orduya və güclü dövlət idarəçiliyinə sahib ölkə kimi təhlükələrlə üzləşmə ehtimalını minimuma endirib".

Müsahibimizin fikrincə, bu vəziyyəti Ukrayna ilə müqayisə etmək doğru olmaz. Çünki Ukraynada güclü lider ətrafında milli birlik ölkənin maraqlarına uyğun şəkildə formalaşmadı. Digər mühüm məqam isə odur ki, Ukrayna təhlükəsizlik maraqlarını təmin edərkən əsasən xarici dəstəyə güvəndi.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı başda olmaqla Qərb ölkələri Ukraynanın təhlükəsizlik ehtiyacları ilə bağlı prinsipial və qətiyyətli mövqe sərgiləmədilər. Onlar Ukrayna savaşına beynəlxalq hüquq və ədalət prinsipləri kontekstində deyil, öz maraqları çərçivəsində yanaşdılar.

Elçin Xalidbəyli: Rəsmi Kiyev real seçim etməlidir

Politoloq qeyd edir ki, bu səbəbdən Ukraynanın bu gün düşdüyü vəziyyət ətrafında formalaşmış geosiyasi reallıqlara tam uyğun gəlir. Son dönəmlərdə isə Tramp administrasiyası Ukraynanın gələcəyini risk altına qoyaraq Rusiyanın diktə etdiyi şərtlər daxilində “sülh planı” irəli sürür və bu planın qəbul edilməsi üçün rəsmi təzyiqlər göstərir. Həmsöhbətimiz hesab edir ki, xarici dəstək olmadan Ukraynanın müharibəyə davam gətirmək imkanları isə o qədər də ümidverici görünmür.

E.Xalidbəylinin sözlərinə görə, bu vəziyyətdə rəsmi Kiyev real seçim qarşısında qalır: Tramp administrasiyasının diktə etdiyi, Ukraynanın maraqlarına zidd məzmunda olan sülh planına münasibətdə prinsipial mövqe ortaya qoymaq məcburiyyətindədirlər:

"Bütün bu proseslər bir daha göstərir ki, hər bir ölkə öz təhlükəsizlik maraqlarını ilk növbədə daxili resurslar hesabına təmin etməlidir. Daxili resursların milli təhlükəsizliyin qorunmasına yönəldilməsində güclü lider faktoru, eləcə də liderlə xalqın vəhdəti həlledici rol oynayır. Azərbaycanda bu vəhdət mövcuddur. Lakin Ukraynada belə bir vəhdətin formalaşdığını görmək çətindir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

23 Noyabr 2025