Azərbaycanda multikulturalizm və dini tolerantlıq yalnız qanunvericilikdə deyil, real ictimai həyatda da ardıcıl şəkildə tətbiq olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli millət və konfessiya nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Ombudsmanın sözlərinə görə, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub və bu dəyərlər hər bir vətəndaşın gündəlik yaşamının ayrılmaz hissəsinə çevrilib.
Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, bu istiqamətdə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. Onun sözlərinə görə, Forumda müzakirə olunan məsələlər dövlət-din münasibətlərinin konstitusion norma və prinsiplər əsasında daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
O diqqətə çatdırıb ki, 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümü ilə üst-üstə düşür və bu ali hüquqi sənəd insan hüquq və azadlıqlarını ən yüksək dəyər kimi təsbit edir. Bildirilib ki, dünyəvi dövlət olan Azərbaycanda bütün dini etiqadlar qanun qarşısında bərabərdir, hər kəs vicdan azadlığına malikdir və heç bir şəxs dini baxışlarına görə məcbur edilə və ya təqib oluna bilməz.
Ombudsman vurğulayıb ki, milli qanunvericilikdə insan ləyaqətini alçaldan və humanist prinsiplərə zidd olan dini cərəyanların yayılması qadağandır və bu normalar ölkədə praktiki olaraq da təmin edilir. Onun sözlərinə görə, məscidlərə, kilsə və sinaqoqlara dövlət tərəfindən göstərilən davamlı dəstək bu siyasətin bariz nümunəsidir.
Səbinə Əliyeva çıxışında Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümünün qeyd olunduğunu xatırladaraq bildirib ki, suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş ölkədə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı dirçəliş və bərpa prosesi həyata keçirilir. Eyni zamanda, o, Ermənistanın işğalı dövründə Azərbaycan dini abidələrinin və qəbiristanlıqlarının dağıdıldığını, bu faktların Ombudsman təsisatının hesabatlarında əks etdirilərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını qeyd edib.
O əlavə edib ki, Ombudsman təsisatı paytaxt və regionlarda dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və dini icmalarla əməkdaşlıq çərçivəsində dini tolerantlıq, vicdan azadlığı və dinlərin sülhə töhfəsi mövzularında maarifləndirmə tədbirlərini davam etdirir.
Zeynəb Rzayeva
Bakı 




