“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. 24 dekabr 2015-ci ildə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio” demək olar ki, Azərbaycanın bütün ərazisində yayımlanır.
Bakıvaxtı.az xəbər verir ki, “ASAN Radio” dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor üçün effektiv kommunikasiya platformasına da çevrilib. Ötən dövrdə qurumlar, yerli və beynəlxalq təşkilatlarla birgə uğurlu layihələr reallaşdırılıb.
Bu FM dalğasını sevilən musiqilərin ünvanı kimi də xarakterizə etmək olar.
“ASAN Radio” həm də media məktəbi rolunu oynayır. Tələbələr, könüllülər burada təcrübə qazanaraq jurnalistika sahəsində biliklər əldə edirlər. Media qurum tərəfindən sosial çarxlar da hazırlanır, həssas qruplar daim diqqətdə saxlanılır.
“ASAN Radio” 44 günlük informasiya müharibəsinin iştirakçısıdır. Cəbhə bölgəsinə səfər edən, işğaldan azad olunan torpaqlardan xəbər verən ilk radiodur.
“ASAN Radio” hər zaman keyfiyyətli video kontent və sosial mediada aktivliyi ilə fərqlənib. Rəsmi feysbuk səhifəsində izləyici sayı 200 000-ə yaxınlaşan yeganə radiodur. 2024-cü ildə isə ASAN Radionun bazasında ASAN TV yaradılıb və video məzmunun daha keyfiyyətli təqdimatına başlanılıb.
“ASAN Radio və TV” yerli media məkanında ilklərə də imza atıb. Radioda, daha sonra isə TV-də ilk süni intellekt aparıcı bir sıra buraxılışları təqdim edib.
“ASAN Radio və TV” bir çox sənədli və bədii filmlər də istehsal edib. Buna Vətən müharibəsindəki qələbəmizin 5 illiyi münasibətilə hazırlanan “Zəfər rəqsi” qısametrajlı bədii filmini nümunə gətirmək olar.
“ASAN Radio” Bakıda, bölgələrdə 100, 96.5, 95.6, 92.7, 102.0, 92.3, 99.0, 90.9, 99.8, 99.4, 95.3, 98.3, 90.9, 90.7 FM-də yayımlanır, eyni zamanda ASANRadio.az saytı və mobil tətbiq vasitəsilə də dinləyə bilərsiniz.
Bakı 




