• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Qulu Məhərrəmli: "Televiziyalarda bəzən prinsiplər pozulur" - Reytinq mübarizəsinin SƏBƏBLƏRİ...

MEDİA

21 Yanvar 2026 | 14:45

Qulu Məhərrəmli: Televiziyalarda bəzən prinsiplər pozulur - Reytinq mübarizəsinin SƏBƏBLƏRİ...

Son illərdə televiziya ekranları yalnız məlumat ötürən məkan deyil, eyni zamanda reytinq mübarizəsinin aparıldığı strateji arenaya çevrilib.

Telekanalların proqram siyasəti getdikcə təkcə ictimai maraqlara xidmət etməklə kifayətlənmir, eyni zamanda kommersiya maraqları və sponsorluq razılaşmaları ilə sıx bağlanır. Bu prosesdə efirdə təqdim olunan ictimai və mədəni mövzuların seçimi, vurğulanması və vizual təqdimatı görünməyən iqtisadi və siyasi təsirlərin təsiri altında formalaşır.

Reytinq uğrunda aparılan yarış, hansı mövzuların gündəmə gətiriləcəyini, hansı xəbərlərin arxa planda qalacağını, həmçinin hansı sosial məsələlərin kommersiya maraqları çərçivəsində işıqlandırılacağını müəyyən edir. Nəticədə tamaşaçı üçün "obyektiv təqdimat" kimi görünən proqramlar, əslində həm bazar, həm də sponsorluq mexanizmlərinin təzyiqi ilə formalaşmış strateji seçimlər məcmusudur.

Reytinq uğrunda aparılan yarış telekanalların proqram siyasətini necə formalaşdırır, kommersiya sifarişləri və sponsorluq mexanizmləri efirdəki ictimai və mədəni mövzuların təqdimatına hansı görünməyən təsirləri göstərir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən professor Qulu Məhərrəmli bildirib ki, proqram siyasəti və yayım strategiyası baxımından televiziya kanallarını iki qrupa ayırmaq mümkündür: 

"Birinci qrup büdcədən maliyyələşən kanallardır. Bu kanallar dövlət büdcəsindən maliyyə alır və buna görə də maliyyə ilə bağlı ciddi problemləri olmur. Belə kanallara Azərbaycan Dövlət Televiziyası və onun törəmə kanalları nümunə göstərmək olar. Onların əsas vəzifəsi ictimaiyyətə məlumat vermək, maarifləndirmə və cəmiyyət üçün önəmli proqramlar hazırlamaqdır. Bu səbəbdən, büdcədən maliyyələşən televiziyalarda proqramların ictimai mahiyyəti və keyfiyyəti ön plandadır".

Həmsöhbətimizin sözlərinə görə, ikinci qrup özəl, komersiya televiziyalarıdır. Bu kanallar daim büdcə və maliyyə çətinliyi ilə üzləşirlər:

"Onlar sponsor və reklam axtarışında olur, buna görə də daha çox retinq toplamağa yönəlirlər. Baxımlı proqramlar hazırlayaraq reklam verənlərin marağını cəlb etməyə çalışırlar və bu yolla fəaliyyətlərini maliyyələşdirirlər. Beləliklə, kommersiya məqsədi, sponsor tələbləri və reytinq toplamaq arzusu proqramların məzmununa və keyfiyyətinə müəyyən təsir göstərir".

Qulu Məhərrəmlinin sözlərinə görə, əsas məsələ odur ki, televiziya keyfiyyətli proqramlar hazırlası,  həm məzmun, həm forma baxımından tamaşaçını cəlb edən proqramlar təqdim etsin: 

"Heç bir halda proqram yalnız sponsorun tələbinə görə hazırlanmalıdır deyə bir məcburiyyət olmamalıdır. Sponsor yalnız maliyyə dəstəyi verir, amma yaradıcılıq prinsiplərinə müdaxilə etməməlidir. Əgər televiziya yaradıcılıq prinsiplərini əsas götürməyərək yalnız sponsorun istəklərinə tabe olursa, proqramın keyfiyyətini təmin etmək çətinləşir".

Sonda professor deyib ki, maliyyə siyasəti gələn vəsaitin televiziyanın yaradıcılıq səviyyəsinə və proqramların ümumi keyfiyyətinə mənfi təsir göstərməyəcək formada qurulmalıdır: 

"Təəssüf ki, Azərbaycanda bəzən bu prinsiplər pozulur, proqramların zövqsüz olması və sponsorların təsirinin artması müşahidə olunur. Buna görə də əsas diqqət həmişə yaradıcılıq prinsiplərinin qorunmasına yönəlməlidir".

Əli Hüseynov


SON XƏBƏRLƏR