• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

"Neftçi TV" internet üzərindən yayımı davam etdirəcək - YENİLƏNİB

MEDİA

09 Yanvar 2026 | 16:15

Neftçi TV internet üzərindən yayımı davam etdirəcək - YENİLƏNİB

"Neftçi TV" internet üzərindən yayımı davam etdirəcək.

Bu barədə Bakıvaxtı.az-a paytaxt klubunun mətbuat katibi Asəf Zeynallı məlumat verib.

Klub rəsmisi televeziyanın avadanlığının və texniki təchizatının yenilənmə prosesinin aparıldığını söyləyib:

"Neftçi TV"nin yeni ofisə – "Palms Sports" Futbol Mərkəzinə köçməsi ilə əlaqədar klub televiziyasının avadanlığının və texniki təchizatının yenilənməsi və köçürülməsi prosesi hazırda davam edir. Davamlı yayım vermək mümkün olmadığı üçün müraciətimizlə lisenziya ləğv olunmuşdu, amma bütün bu optimallaşdırma işləri aparılandan sonra lisenziyaya görə yenidən müraciət edilməsi gündəmdədir. Bununla belə, onsuz da yayımlar yutub kanalı üzərindən davam edirdi. Diqqət yetirirsinizsə, biz əvəzedici və akademiya komandalarımızın, eləcə də qadınlardan ibarət komandamızın oyunlarını yayımlayırıq. Yəni televiziyanın fəaliyyəti yutub üzərindən davam edir. "Palms Sports" Futbol Mərkəzindəki binamızda yeni studiyanın qurulması üzərində hazırda iş gedir. Qısa müddət ərzində bu işlər bitəcək. Klubun televiziyasının yenidən sabit yayıma keçməsi və yeni layihələrin hazırlanması gündəmdədir".

A.Zeynallı ehtiyac yaransa, gündəlik yayım sisteminə keçiləcəyini bildirib:

"Görsək ki, ehtiyac var, minimum 6 saatlıq gündəlik yayım sisteminə keçə bilərik. Hələlik yutub üzərindən klub televiziyasının fəaliyyətini qənaətbəxş hesab edirik və hələ ki, belə davam edəcəyik. Bir daha bildiririk ki, texniki cəhətdən studiya qururuq, yeni avadanlıqların alınması prosesi gedir. Bundan əlavə, əsas komandanın oyunundan əvvəl və sonra "Oyun günü" buraxılışı gedir, həmçinin mətbuat konfransları canlı yayımlanır. Yəni bu proses dayanmayıb, sadəcə, əvvəlki 6 saatlıq yayımda istifadə olunan materialların çoxu köhnə kontent, təkrarlar idi. İndi daha çox yeni kontentlər və yeni canlı yayımlar üzərində işləməyi planlaşdırırıq. Bunun üçün də studiyanın qurulması və avadanlıqların təkmilləşdirilməsi şərtdir. Bu, müəyyən vaxt alacaq. Amma işlər bitəndən sonra yenidən lisenziya ilə bağlı müraciət etməyi düşünürük".

Qeyd edək ki, Audiovizual Şura"Neftçi TV" üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

***

13:59

Xəbər verdiyimiz kimi, bu gün Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda “Neftçi TV” kanalının fəaliyyəti müzakirə olunub.

Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən “Neftçi TV” kanalı ilə bağlı Audiovizual Şura tərəfindən “Neftçi Media” MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub.

Nəticədə “Neftçi Media” MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib.

Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura “Neftçi TV” kanalı üçün “Neftçi Media” MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.


SON XƏBƏRLƏR

09 Yanvar 2026