Sosial media dövründə informasiya sürətlə yayılır və hər kəs bir xəbər mənbəyi rolunu oynaya bilər. Lakin bu sürət və əlçatanlıq, eyni zamanda, xəbərlərin təhrif olunmuş və ya qəsdən yanıltıcı formada paylaşılmasına da şərait yaradır.
Dezinformasiya cəmiyyətdə çaşqınlıq yaradır, ictimai rəyin düzgün formalaşmasını çətinləşdirir və informasiya təhlükəsizliyini risk altına qoyur.
Belə bir mühitdə media savadlılığı insanların məlumatı düzgün qiymətləndirmək, mənbəni tanımaq və həqiqət ilə manipulyasiyanı ayırd edə bilmək bacarığı kritik vasitə kimi çıxış edir.
Bir çox xəbər mövzusu sosial media kanallarında təhrif olunmuş formada yayılır. Bu, cəmiyyətdə çaşqınlıq yaradır və informasiya təhlükəsizliyini zədələyir. Dezinformasiya ilə mübarizədə media savadlılığı nə dərəcədə təsirli vasitə ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Mətbuat Şurasının sədri Rəşid Məcid bildirib ki, sosial mediada məsuliyyət hissi çox vaxt itir:
"İnsanlar informasiya texnologiyalarının imkanlarından istifadə edərək, bəzən bilərəkdən, bəzən isə bilməyərək yanlış və saxta xəbərlər yayırlar. Bilməklə yayılan saxta xəbərlər, dezinformasiyalar milli təhlükəsizliyə təhdid təşkil edir və bu sahədə müxtəlif dövlət qurumları mübarizə aparır".

Rəşad Məcid: Zaman keçdikcə bu məsələlər tənzimlənəcək
Həmsöhbətimiz qeyd edib ki, sadəcə məlumat azlığı və savadsızlıq səbəbindən xəbərlərin təhrif olunması halları da sosial mediada kifayət qədər çoxdur:
"Yaxınlarda mən maraqlı bir faktla qarşılaşdım. Xalq yazıcısı Anar adətən sosial mediadan uzaqdır, amma "YouTube"da Tofiq Quliyev haqqında hazırlanmış bir informasiya videosuna baxıb. O, 7-8 dəqiqəlik həmin videoda 9 səhv aşkar edib və hər birini bir-bir sadalayıb. Anar bütün bunları öz güclü yaddaşı və təcrübəsinə əsaslanaraq müəyyən edib. Burada, bəlkə də, videonu hazırlayan şəxsin niyyəti pis olmayıb, sadəcə bilgi məhdudluğu və hadisələrə yetərincə diqqət yetirməməsi səbəbindən qısa bir videoda belə 9 yanlışlıq meydana çıxıb. Bu isə göstərir ki, qeyri-peşəkarların sosial mediada məlumat yayması yol verilməzdir və nəticədə xaotik vəziyyət yaranır".
Rəşid Məcid hesab edir ki, bu, keçici bir haldır:
"Zaman keçdikcə bu məsələlər tənzimlənəcək və ciddi, peşəkar xəbər verən media qurumları üstünlüyü öz əllərində saxlayacaqlar".
Əli Hüseynov
Bakı 




