Ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan tədbir Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin konstitusion əsaslarının möhkəmləndirilməsi, dünyəvilik prinsipinin və vicdan azadlığının təmin edilməsi, multikultural və tolerant dəyərlərin təşviqi, eləcə də dini sahədə maarifçilik fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Özbəkistan Respublikası Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, həmçinin Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxış edirlər.
Forum çərçivəsində “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metodlar və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri keçirilir.
Panel müzakirələrində dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın genişləndirilməsi, dini radikalizm və zərərli ideoloji təsirlərin qarşısının alınmasında maarifləndirmənin rolu, eləcə də cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.
Bakı 




