Son günlər beynəlxalq mediada ABŞ-nin İranın Xark adasını ələ keçirməyə çalışa biləcəyi ilə bağlı iddialar geniş müzakirə olunur. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, regiondakı gərgin fon və İran-ABŞ münasibətlərindəki kəskinləşmə bu mövzunu aktuallaşdırır.
Xark adası İranın enerji infrastrukturu üçün həyati əhəmiyyət daşıyan strateji məntəqələrdən biridir. İranın xam neft ixracının böyük hissəsi məhz bu ada vasitəsilə dünya bazarlarına çıxarılır. Bu səbəbdən də Xark adası yalnız İran üçün deyil, qlobal enerji təhlükəsizliyi baxımından da mühüm geosiyasi nöqtə hesab olunur.
Əgər nəzəri olaraq ABŞ-nin belə bir addım atması mümkün olarsa, bu, İran iqtisadiyyatına ən ciddi zərbələrdən biri ola bilər. Çünki Xark adası İranın enerji ixracının əsas logistik mərkəzidir və bu adanın fəaliyyətinin iflic edilməsi İranın neft gəlirlərini kəskin şəkildə azalda bilər. Bununla yanaşı, belə bir addım regionda hərbi qarşıdurmanın sürətlə genişlənməsi riskini də artırar. İran bu cür müdaxiləni birbaşa suverenliyinə qarşı hücum kimi qiymətləndirə və buna sərt hərbi cavab verə bilər. Xüsusilə Hörmüz boğazı ətrafında gəmilərə hücumların və dəniz təhlükəsizliyi böhranının yaranması ehtimalı ciddi şəkildə gündəmə gələ bilər.
Bununla belə, ABŞ-nin indiyə qədərki strateji davranış modeli göstərir ki, Vaşinqton birbaşa ərazi işğalı kimi radikal addımlardan mümkün qədər yayınmağa çalışır. ABŞ adətən İran üzərində təzyiqi iqtisadi sanksiyalar, dəniz nəzarəti, regional müttəfiqlərlə hərbi əməkdaşlıq və diplomatik təcrid vasitəsilə həyata keçirir. Xark adasının birbaşa hərbi əməliyyatla ələ keçirilməsi isə beynəlxalq hüquq baxımından da ciddi mübahisələr yarada bilər və bu addım regionda ABŞ hərbi bazalarını İranın birbaşa hədəfinə çevirə bilər. Bu səbəbdən belə bir ssenarinin praktik həyata keçmə ehtimalı hələlik çox yüksək görünmür.
Digər tərəfdən, bu tip iddiaların informasiya müstəvisində dövriyyəyə buraxılması da təsadüfi deyil. Geosiyasi qarşıdurmaların müasir mərhələsində informasiya və psixoloji təsir alətləri çox mühüm rol oynayır. ABŞ-nin Xark adasını hədəfə ala biləcəyi barədə müzakirələrin yayılması İran üzərində strateji təzyiq yaratmaq, enerji bazarlarında psixoloji təsir formalaşdırmaq və regional güc balansını dəyişmək məqsədi daşıya bilər. Bu baxımdan məsələni yalnız hərbi ssenari kimi deyil, daha geniş geosiyasi rəqabətin və informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirmək daha real görünür.
Ruslan Zəngəzur
Bakı 




