Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, iyulun 24-də başlanan və altı gün davam edən tədbirdə Azərbaycanla yanaşı, Latın Amerikası, Gürcüstan və Litvadan görkəmli musiqiçilər, ifaçılar, tanınmış musiqi kollektivləri iştirak ediblər.
Festival çərçivəsində musiqisevərlər Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun, “Mercadonegro ” musiqi qrupunun (Latın Amerikası), “Tbilisi Big Band” orkestrinin (Gürcüstan), “Ciurlionis” kvartetinin (Litva), həmçinin “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və “Xarıbülbül” muğam qrupunun iştirakı ilə Xalq artisti Nəzakət Teymurovanın, “Detaşe-Sabah” violinoçular ansamblının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı qazanıblar.
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub. Konsert görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90, Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçən konsertin birinci hissəsində görkəmli bəstəkar Vasif Adıgözəlovun “Bayram uvertürası”, “Piano və orkestr üçün 4 nömrəli konsert”, “Qərənfil” romansı, “Çanaqqala 1915” oratoriyasından türkülər və “Bakı haqqında mahnı” səsləndirilib. Solistlər Murad Adıgözəlzadə (piano), Afaq Abbasova (soprano), Selcan Fermor-Hesketh (soprano) və Əvəz Abdulladır (bariton).
Konsertin ikinci hissəsi Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçib. Solistlər Xalq artisti Yusif Eyvazov (tenor), Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo soprano), Yusif Eyvazov (tenor) və Əvəz Abdullanın (bariton) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi” ifa ediblər.
Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəni həyatında mühüm rolu var. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi bu festival həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik mübadiləsinə xidmət edir.
Qeyd edək ki, builki Qəbələ Beynəlxalq Musiqi Festivalı dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.