• Bakı 18° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Dezinformasiya dalğası: Qlobal media Azərbaycanı niyə hədəf seçir?

CƏMİYYƏT

19 Noyabr 2025 | 09:43

Dezinformasiya dalğası: Qlobal media Azərbaycanı niyə hədəf seçir?

Qlobal media platformalarında Azərbaycanın regionda “münaqişə tərəfi” kimi təqdim edilməsi halları artıb. Xüsusilə İran-İsrail gərginliyi fonunda saxta radar görüntüləri, xəritələr və dezinformasiya kampaniyaları geniş yayılır.

Bu cür informasiya hücumları Azərbaycanın geosiyasi imicinə və diplomatik münasibətlərinə necə təsir edir? Rəsmi qurumlar və media institutları bu kampaniyaların qarşısını almaq üçün hansı strategiyalara əl atmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən media eksperti Yadigar Məmmədli bildirib ki, qlobal media platformaları adətən Azərbaycanın əleyhinə kampaniyalar aparır. Bu kampaniyalar müxtəlif formalarda olur, hətta bəzən böhtan xarakteri daşıyır. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsi boyunca beynəlxalq mediada daim günahkar tərəf kimi Azərbaycan göstərilib, gərginliyin səbəbkarı kimi Azərbaycan dövləti hədəfə alınıb.

Müsahibimiz qeyd edib ki, 2020-ci ildə Azərbaycan münaqişəyə son qoyduqdan sonra da bu münasibət dəyişməyib. Əksinə, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi, bizi sevməyən dairələri daha da qəzəbləndirib:

“Buraya bəzi xarici ölkələri və müəyyən güc mərkəzlərini misal göstərə bilərik. Onlar hər fürsətdə Azərbaycanı günahkar kimi göstərməyə çalışırlar və bunun üçün ən çox istifadə etdikləri vasitə qlobal mediadır".

Yadigar Məmmədli: Azərbaycan haqlı mövqeyini hər zaman müdafiə etməlidir

Ekspert xatırladıb ki, Azərbaycan heç vaxt Ermənistan ərazisinə iddia irəli sürməyib. Baxmayaraq ki, həmin torpaqlar tarixən Azərbaycana məxsusdur, hazırda Ermənistan Respublikasının ərazisidir və Azərbaycan beynəlxalq hüququn ərazi toxunulmazlığı prinsipinə sadiq qalaraq onların qaytarılması ilə bağlı iddia qaldırmır.

Y.Məmmədli bildirib ki, bu mövqe dəfələrlə həm ölkə rəhbərliyi, həm də digər rəsmi qurumlar tərəfindən bəyan olunub. Lakin Avropa İttifaqı və bəzi Avropa ölkələri bunu tez-tez manipulyasiya predmetinə çevirir, hər dəfə Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər:

"Digər amil isə İranla qonşuluğumuzdur. İran daim Azərbaycanın İsraillə dostluq münasibətlərinə qarşı çıxır, böhtan xarakterli iddialar səsləndirir. Bu iddialar əsassızdır və heç bir faktla sübut olunmayıb”.

Həmsöhbətimizə görə, bütün bunlar onu göstərir ki, bu məsələlərdə yalnız diplomatik korpusla yanaşı, Azərbaycan mediası da böyük məsuliyyət daşıyır. Dediyinə görə, media bu mövzuda mövqeyini qoruyub saxlamalı, həm daxili, həm də beynəlxalq platformalarda haqlı mövqeni müdafiə etməlidir.

“Azərbaycan mediası müharibə dövründə də sınaqdan uğurla keçdi və hesab edirəm ki, bu məsələdə də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək", - deyə Yadigar Məmmədli fikrini yekunlaşdırıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

18 Noyabr 2025