• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

YAP-dan İsa Qəmbərin təkifinə CAVAB: Müsavat bu yolu tutubsa...

SİYASƏT

06 May 2024 | 17:00

YAP-dan İsa Qəmbərin təkifinə CAVAB: Müsavat bu yolu tutubsa...

 "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunduqdan sonra bir sıra partiyaları çıxmaq şərti ilə rəsmi qeydiyyatdan keçmiş əksər siyasi təşkilatlar hakimiyyətlə mütəmadi təmasdadır".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, əksər partiyalar hakimiyyətə öz təkliflərini, rəylərini, fikirlərini çatdırırlar, müzakirələr aparırlar:

"Elə məsələlər olur ki, məsələn, Azərbaycanın dövlətçilik maraqları naminə, Qarabağ və digər ümummilli məsələlərlə bağlı qərarlarda əksər partiyalar iqtidarın siyasətini dəstəkləyir. Ancaq Müsavat Partiyası indiyədək bu məsələlərə qoşulmurdu. İqtidarın qapıları bütün partiyalar üçün açıqdır və istənilən məsələni müzakirə etməyə hazırdır. O baxımdan hansı sektora aid olur-olsun, istər siyasətə, istərsə də iqtisadi-sosial sahəyə, əgər gələcəkdə müəyyən təkliflər olarsa, müzakirə oluna bilər. Bu, normal haldır və artıq yeni bir mərhələdir”.

Onun sözlərinə görə, siyasi partiyaların bir-biri ilə, hökumətlə düşmənçiliyi qəbuledilməzdir, hər partiya rəqabət əsasında öz fikilərini söyləyə bilər:

“Yaxud tənqid də edə, hansısa məsələdə razılaşmadığını söyləyə bilər. Hesab edirəm ki, əgər Müsavat bu yolu tutubsa, istənilən müzakirəni iqtidarla apara bilər".

Siyavuş Novruzov: İqtidarın qapıları bütün partiyalara açıqdır və istənilən məsələni müzakirə etməyə hazırdır

S.Novruzov Müsavat Partiyasının qarşıdakı seçkilərdə də aktiv olacağı ilə bağlı anonslarını dəyərləndirib:

"Hər bir siyasi partiyanın əsas funksiyası seçkilərdə iştirak etməkdir. Əgər partiya yaradılıbsa, mütləq seçkilərə qatılmalı, təcrübə toplamalıdır, güclü və zəif tərəflərini müəyyən etməlidir. Seçki yolu ilə hakimiyyətin müxtəlif qollarında təmsil olunsun. Bu, sadəcə ümumi prinsip deyil, həm də partiyaların nizamnamələrinin tələbidir".

Qeyd edək ki, Müsavat Partiyasının XI Qurultayında yenidən sədr seçilən İsa Qəmbər ölkədə demokratik dəyişikliyə keçid üçün iqtidarla ictimai saziş təklifi ilə çıxış edib. Vurğulayıb ki, hakimiyyətlə cəmiyyət arasında, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır: "Demokratik birliyin içində bir ictimai birlik olmalıdır. Media, vətəndaş cəmiyyəti, siyasi qüvvələr, ziyalılar birgə iradə ortaya qoymağı bacarmalıdır". İsa Qəmbər hesab edir ki, ölkədəki problemləri həll etmək elə də asan olmayacaq: "Ancaq bu mümkündür. İnanıram ki, birgə səylərlə hədəflərə çata bilərik, problemləri həll edə bilərik. Çünki biz millət olaraq çox böyük hədəflərə çatmağı bacarmışıq".

Aydın Baxış


SON XƏBƏRLƏR

18 May 2024