Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin adları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, YAP İdarə Heyətinin iclasında YAP-ın 77 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələləri üzrə nümayəndəsi təyin olunub.
***11:33
Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı YAP-ın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
***
11:06
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, iclasın gündəliyində 4 məsələ yer alır.
***
10:59
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasının gündəliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;
2. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;
3. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması;
4. Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclis buraxılıb, növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.