2023-cü ildə yaşamaq icazəsi olan 55 minə yaxın Rusiya vətəndaşı Türkiyəni tərk edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Brief" Türkiyənin "Sözcü" qəzetinə istinadən məlumat yayıb.
Bildirilib ki, ümumilikdə, ötən il Türkiyənin Antalya şəhərində daimi yaşayan əcnəbilərin sayı 40 min nəfər azalıb.
“Sözcü” nəşri Türkiyənin miqrasiya qurumunun məlumatlarına istinadən yazır ki, ötən illərdə Antalyaya əcnəbilərin kəskin axını mənzil qiymətlərinin və kirayələrin artmasına səbəb olub. Hakimiyyət şəhərin bir sıra rayonlarında yaşayış icazəsi almağı qadağan edib və ölkə daxilində daşınmaz əmlak almaq üçün minimum həddi qaldırıb.
Rusiyalılar indi kütləvi şəkildə Serbiya və BƏƏ-yə köçürlər. Rusiya-Türkiyə Dialoq Assosiasiyasının prezidenti Arsen Ayupov “Vedomosti”yə bildirib ki, rusiyalıların Türkiyəni tərk etməsinin üç əsas səbəbi var. Birincisi, xüsusi hərbi əməliyyat başladıqdan sonra bir çox insan ölkəyə uyğunlaşa bilməyib və geri qayıdıb. İkincisi, daşınmaz əmlak və kirayə qiymətləri artıb, yüksək inflyasiya səbəbindən Türkiyədə yaşayış minimumu qalxıb. Üçüncüsü, yaşayış icazəsi ilə bağlı məhdudiyyətlər ona gətirib çıxarıb ki, çoxları onu yeniləyə, vaxtını uzada bilmir.