Ətir qədər heç nə sənin hisslərini oyada bilməz. Ətir seçimində zövqlər müxtəlifdir. Eyni ətir insandan insana fərqli təsir göstərir.
Ətriyyatçı Türkan Əlixanovanın Bakıvaxtı.az-a dediyinə görə, insanın yemək tərzi və əsasən istehlak etdiyi qidalar istifadə etdiyi ətirin təsirini dəyişir. Bu səbəblə istənilən bir ətir həddindən artıq ədviyyatlı, duzlu və yağlı qidalar qəbul edən və tərəvəz yeyən bir insanda fərqli təsir göstərəcək.
Ətirlərin istehsalında istifadə olunan mahiyyət və konsentrasiya nisbətləri ətirlərin qalıcılığını və keyfiyyətini şərtləndirən amillərdəndir. Yüksək konsentrasiyalı ətirlər qalıcı və yüksək keyfiyyətli ətirlər kimi təsvir edilir.
T.Əlixanova deyib ki, ətirlərin tərkibində yüksək spirt (parfüm suyu) olması onların qalıcılığının aşağı olması deməkdir. Ətiri ilk dəfə səpdiyiniz zaman yaranan sıx qoxunun bir saat ərzində normala dönməsini və tərkibindəki kimyəvi maddələrin dərinizə təsir etməsini gözləməlisiniz.
“Ətir alarkən onu başqasında bəyənirsinizsə və qiyməti münasibdirsə , buna üstünlük kimi baxmamalısınız. Başqasında bəyəndiyiniz ətir dərinizə eyni təsir göstərməyəcək və ucuz ətirlərin qalıcılığı çox aşağıdır.
Ətir istehsalında istifadə edilən müxtəlif essensiyalar ətir çeşidini artırır və müxtəlif yaş qruplarına müraciət edir. 20-li yaşlarda biri dinamik və çiçək qoxuları seçərək düzgün seçim etmiş olur. 30 yaşdan yuxarı insanların mürəkkəb , sıx və şəkərli ətirlərə üstünlük verməsi tövsiyə olunur. 20-li yaşlarda birinin çox ağır və sıx qoxulardan istifadə etməsi qarşı tərəfə mənfi təsir göstərə bilər”.
Onun sözlərinə görə, ətirlərin təsir edici xüsusiyyətə malik olması, seçilmiş ətrin məzmunu və dəri ilə harmoniyası ilə birlikdə bir bütövlük təşkil edir. Parfümü sınayarkən dərinizin təmiz olduğundan əmin olun. Bu səbəbdən isti yay aylarında ətiri dərinizə səpmək məsləhət görülmür. Xüsusilə duşdan sonra ətir daha qalıcı və təsir edici olur. Duşdan sonra açılan məsamələriniz ətrin daha yaxşı sorulmasına və qalıcı olmasına imkan verir. Odur ki , ətir almağa gedərkən dərinizin təmiz olduğuna diqqət edin. Ətir almağa getməzdən əvvəl ağır yeməklərdən uzaq olmalısınız. Əks halda yağlı, ədviyyatlı və duzlu qidalar qəbul etmək dərinizin kimyasını dəyişəcək və ətir təsirinə mənfi təsir göstərəcək.
“Ümumiyyətlə, son dərəcə ədviyyatlı, yağlı və duzlu yeməklər ətrinizin qoxusunu dəyişdirməklə yanaşı sağlamlığınıza da mənfi təsir göstərəcək. Ətirin qalıcılığına təsir edən başqa bir amil də dəri tipidir. Ətirin dəri ilə harmoniyasını dəstəkləyən və qalıcılığını artıran dəri tipləri insandan insana dəyişir. Xüsusilə yağlı dərili olan insanlarda ətirlər öz təsirini daha uzun müddət saxlayır. Ancaq quru dəri tipli insanlarda istifadə edilən ətirin qalıcılığı daha aşağı olur. Ətir seçərkən mütləq satış məsləhətçisinin fikirlərini alın amma onun əsiri olmayın”.
Uunutmayın seçdiyiniz ətirin yaşınıza və cildinizə uyğunluğu çox önəmlidir. Ətirin bəyənilməsi və çox satılması o demək deyil ki, sizdə də eyni təsirə malik olacaq. Ətir seçimi zamanı 3-dən çox ətir sınamayın. Əks halda , qoxular qarışacaq və səhv seçim etməyinizə səbəb olacaq. Parfüm mağazalarında tez-tez rastlaşdığımız qəhvə qutuları elə bu məqsədlədir. Qəhvəni bir müddət qoxlamaq qoxu duyğunuzu dəyişər və qoxuların qarışmasının qarşısını alar. Əgər hələ də alacağınız ətir barədə qərar verə bilməmisinizsə , sizə kofe fasiləsi etməyi tövsiyə edirəm. Ətir seçərkən mütləq ətiri dərinizə çəkməlisiniz. Beləliklə , ətrin dərinizə uyğunluğunu yoxlaya və qoxusunu daha yaxşı qavraya bilərsiniz. Ətir seçərkən onu biləyinizin daxili hissəsində , yəni nəbzinizin döyündüyü hissədə sınamaq düzgün seçim etməyinizə kömək edəcək.
“Ətri səpdikdən sonra ən azı 10 dəqiqə gözləyin, bu, ətrin dərinizə təsirini daha yaxşı anlamağınıza kömək edəcək. Əgər vaxtınız varsa və alacağınız ətir barədə qərar verə bilmirsinizsə , hər iki biləyinizdə fərqli ətirləri sınayıb kofe fasiləsi verə bilərsiniz. Təxminən 1,5 saatdan sonra ətir dərinizə tam nüfuz edəcək və qalıcılığı haqqında sizə daha yaxşı məlumat verəcəkdir. Ətirin qalıcılığına bilavasitə təsir edən digər amil isə ətiri düzgün nahiyəyə səpməkdir. Ətirin qalıcılığını və təsirini artıran bölgələr biləklər, boyun, sinə arası, qulaq arxası, diz arası, bədənin isti və rütubətli olduğu yerlərdir.
Bəs qoxusunu bilmədiyimiz ətirlərlə necə tanış ola bilərik? T.Əlixanova deyir ki, ətrin flakonuna diqqət yetirin, o, sizə içindəkilər haqqında çox şey deyə bilər. Məsələn, çiçəkli kompozisiyalar üçün çox vaxt çəhrayı rəng seçilir, (ağ rəngə də çox rast gəlmək olur) qızılı çalardakı detallar dəbdəbəli , zəngin və premium ətirdən bəhs edir, yaşıl və mavi çalarlı lakonik flakonlar birmənalı olaraq təravət və yüngüllük deməkdir. Dəri və paçuli notlarından təşkil olunmuş ətirlər adətən qara və tünd rəngli flakonlara yerləşdirilir.
“Qoxusu ilə tanış olmadığımız ətirləri xoşlaya biləcəyimizi necə müəyyən edə bilərik” sualının tez-tez ünvanlandığını deyən ətriyyatçı bildirib ki, bunun üçün ətrin üst, ürək və baza notlarıyla tanış olmaq bizə kömək edə bilər. Üst notlar ətirin ilk təəssüratını yaradır. Onlar ən yüngül olanlardır, dərhal açılır və ətiri çilədikdən sonra 5 - 15 dəqiqə ərzində qalırlar. Ürək notları ətirin əsasını, xarakterini təşkil edir. Üst notlardan sonra açılır və 1,5 - 4 saat hiss edilirlər. Bunlar adətən çiçəkli, meyvəli və ağac notları olur: “Əsas notlar ətirin şleyfidir. Onlar kompozisiyanın son akkordunu yaradaraq ən sonda açılırlar. Baza olaraq çox vaxt müşk, kəhrəba, vanil, paçuli və s. istifadə olunur”.
Parfüm istifadəsinin müəyyən incəlikləri var. Məsələn, ofisdə və ya nəqliyyatda səyahət etməzdən əvvəl başqalarını narahat edə biləcək çox intensiv ətirləri istifadə etmək etik deyil. İsti yay günü üçün nisbətən yüngül ətirlər seçmək daha yaxşıdır, qışda isə dolğun, isti və şirin ətirlər daha zərif şəkildə açılırlar. İsti aylarda qalıcılıq keyfiyyətini daha da artırmaq üçün ətrinizlə eyni seriyadan olan dezodorant spreyi və bədən kremini istifadə etsəniz qalıcılığı uzadacaqsınız. Belə məhsullar yoxdursa, ətirsiz krem və dezodorant seçin, beləliklə, o, parfümlə konfliktə girməyəcək.
Xəyalə Rza
Bakı 




