• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeni il hədiyyələri alarkən DİQQƏTLİ OLUN: Vaxtı keçmiş məhsullar...

CƏMİYYƏT

13 Dekabr 2022 | 17:28 | Müəllif: Qalib İbrahimoğlu

Yeni il hədiyyələri alarkən DİQQƏTLİ OLUN: Vaxtı keçmiş məhsullar...

Dekabrın ilk günlərindən Yeni il oyuncaqları və bəzəkləri satışa çıxarılıb.  Hər kəs, xüsusən də uşaqlar həvəslə bu oyuncaqlardan almaq istəyir, amma, təəssüf ki, qiymətlər hamı üçün əlçatan deyil. Bundan başqa,  əksər vaxt alıcılar qablaşdırılmış Yeni il hədiyyələrinin içində vaxtı keçmiş ərzaqların olmasından da şikayət edirlər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan hökumətinin biznes qurumlarına yaratdığı rahat şəraitdən hətta bayramlarda da sui-istifadə olunur: “Əksər hallarda vaxtı keçmiş, pis şəraitdə saxlanmış mallar bəzəkli qutulara qablaşdırılır və Yeni il şənliklərində satılır. Valideynlər də, nədənsə, özləri şənliyə baxırlar, uşaqları isə təhlükəli mallar istehlak edir”.

Onun sözlərinə görə, valideynlər mütləq o malları açsınlar, üzərində buraxılma tarixi, yararlılıq müddəti olmayan malları almasınlar: “Belə bəzəkli qutuları dükanda aldıqda da fikir verilməlidirlər. Bu problem illər boyudur ki, yaşanır”.

AİB sədri deyir ki, istehlakçılar belə hallara rastlaşdıqda, “1003” qaynar xətt nömrəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə zəng edə bilərlər.

Müsahibimiz bildirib ki, ümumiyyətlə,  biz acgöz, nəfsi doymaz bir istehlakçı əsrində yaşayırıq: “Bütün dünya istehlakçılarını bu vəziyyətə gətirən böyük qüvvələr var. Bu, istehsalçılar, biznes, satış, kapitalizm cəmiyyətinin mahiyyətidir. Baxın, görün balaca uşağın nə qədər oyuncağı var?! Mən yaşda adamın nə qədər qalstuku var?! Nə qədər olar?! Biz gözüdoymaz istehlakçılarıq, bu, belə bir əsrdir. Yalançı qara cümə, 8 mart, yeni il bayramı, analar, atalar günü və s. bunların hamısı böyük biznes proyektləridir”.

E.Hüseynov deyib ki, cizgi filmlərinin qəhrəmanlarının şəkilləri hansısa bir sənaye malının etiketində çıxarılır: “Bizi sürətlə acgöz, təbiəti, hər şeyi yeyib bitirən bir istehlakçıya çevirirlər, gözü doymaz bir məxluq kimi yeyib qurtarırıq. Bəzi qlobal qurumların ətraf mühit, dayanıqlı inkişaf, gələcəyə baxış çağırışları, əslində, səmimi olmayan şeylərdir. O cümlədən də, yeni il dekorlarının baha olması bu məsələyə aiddir. Çünki tələb artır, təklif meydana çıxır. Tələb artanda təklifdə keyfiyyətsizlik və qiymət artımı baş verər”.

Həmsöhbətimiz vurğulayıb ki, insanlar nəzəri cəhətdən guya şux eləmək üçün bu mənasız şeylərə üstünlük verirlər: “Ümumiyyətlə, mən yeni il bayramının Azərbaycanda keçirilməsinə tam qarşıyam. Bəzəkli-düzəkli şam ağacı bayramlarının dinimizlə heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, bir il dəyişikliyi kimi, süfrə açmaq olar. Lakin o dekorlar-filan hamısı istehlakçıların cibindən boş yerə gedən məsələlərdir. Bunun ətrafında məktəblərdə və digər təhsil müəssisələrində müxtəlif işlər, böyük alış həyata keçirilir. Bu, yalnız və yalnız tələbin artması ilə səciyyələnir. Üstəlik, dünyanın hər yerində qiymətlər qalxan xətlə inkişaf edir”.

Onun sözlərinə görə, belə hallar başqa ölkələrdən Azərbaycana o qədər də aşağı olmayan qiymətlərə gətirib çıxarılır: “Xüsusən Çin bu sahədə bütün dünyadan yaxşı qazanır, çox ağıllı iş görürlər. Yaxın ölkələrdən də Azərbaycana Yeni il bəzəkləri və oyuncaqları gətirilir”.

E.Hüseynov deyir ki, Azərbaycan xalqının pulları boş yerə xarici ölkələrə axıb gedir. Əslində, ailəsinin büdcəsinə diqqət yetirən adamlar, onları elə tərbiyə etməlidir ki, bu cür mənasız bəzəklərdən uzaq olsunlar: “Ailələrdə tam konsevatizmin tərəfdarıyam ki, ailə büdcəsi daha səmərəli məsələlərə həsr olunsun. Məsələn, yaxşı bir süfrə açmaqla bərabər, hədiyyə əvəzində uşaqlara kitab, paltar alına bilər. Acgöz istehlakçı əsrində yaşamağımız gətirib ona çıxarır ki, qazancımızı lazımsız şeylərə xərcləyirik”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026