• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeni il öncəsi qiyməti “ceyran belində” olan otellər

CƏMİYYƏT

09 Dekabr 2021 | 16:16 | Müəllif: Qalib İbrahimoğlu

Yeni il öncəsi qiyməti “ceyran belində” olan otellər

Yeni il yaxınlaşır, hər kəs istirahət planları qurur. Pandemiya bayram günlərini xaricdə keçirmək istəyənlərin arzularını hələ ki ürəklərində qoyur. Digər tərəfdən, dünyanın bəzi ölkələrində koronavirusun yeni – “Omicron” ştamının aşkarlanmasından sonra əhalinin daha çox yerli imkanlarl dəyərləndirəcəyi şübhə doğurmur. Amma...

İşin amması odur ki, Azərbaycanın istirahət məkanlarında, əyləncə mərkəzlərində qiymətlər “ceyran belində” olduğundan, hər kəsin o yerlərə üz tuta bilməyəcəyi gün kimi aydındır.

Bakıvaxtı.az xəbər verir ki, “bizim media”nın bu sahədə apardığı araşdırmalar maraqlı məqamları ortaya çıxarıb. Belə ki, 200 manatdan başlayaraq, istənilə qiymətə otel bron etmək mümkündür. Hətta dekabrın son günləri üçün 3 gecə 8100 manata 2 nəfərlik 1 otaq da var.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a deyib ki, ölkədə turizm obyektlərinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi mümkün deyil: “Əslində, heç doğru da deyil. Çünki dövlət bu sahədə qiymətlərin tənzimlənməsini öz üzərinə götürməyib, götürə də bilməz. Bu, özəl sektora aid bir məsələdir”.

Ekspertə görə, sadəcə qiymət tənzimlənməsində dövlət yardım üçün müəyyən vergi güzəştlər tədbiq edə bilər ki, turizm obyektlərinin qiymətlərində endirim müşahidə olunsun: “Əsas məsələ, təbii ki, rəqabət mühitidir. Yəni ölkədə kifayət qədər çox turizm obyektləri açılarsa, kiçik-orta sahibkarlığa dövlət dəstəyi proqramı həyata keçirilərsə, kiçik butik otellər yaranarsa, bunun üçün vətəndaşlara aşağı faizli kreditlər verilərsə, rəqabətli mühit daha da artar. Rəqabətli mühit artdıqdan sonra isə, təbii ki, qiymətlərin tənzimlənməsi də mümkün ola bilər”.

Turizm eksperti Elçin Rüstəmovun Bakıvaxtı.az dediyinə görə, dövlət turizm obyektlərinin qiymətlərinə birbaşa müdaxilə edə bilməz: “Adətən, Avropa ölkələrində qiymətlərə nəzarət prinsipi azad iqtisadiyyat formatında olur. Yəni, qiymətlərə birbaşa dövlət müdaxilə etmir. Qiymətlər, əsasən, rəqabət formatında müəyyənləşir. Azərbaycanda da dövlətin turizm obyektlərinin qiymətinə birbaşa müdaxiləsi mümükün deyil, çünki bizdə də azad iqtisadiyyatdır”. E.Rüstəmov deyir ki, qiymətlər yüksəkdir, ancaq yanlış olan şey ikili qiymət standartıdır. Onun sözlərinə görə, bir çox turizm obyektlərində yerli vətəndaşlar və turistlər üçün fərqli qiymətlər müəyyən edilir. Bunun tamamilə yanlış siyasət olduğunu deyən ekspert bu məsələyə mütləq şəkildə nəzarət olunmasını vacib sayır.

Dediyinə görə, həmçinin bəzi obyektlərdə menyudakı məhsulların qiyməti ilə çekdəki qiymət düz gəlmir: “Belə halların təkrarlanmaması üçün həmin obyektlər yüksək məbləğdə cərimə olunmalıdır”.

Ekspert bildirib ki, bu məsələnin həlli turizm obyektlərinə möhkəm nəzarət edilməsində və şikayətlərə dəqiq baxılmasındadır. Müsahibimiz şkayətlərin əsasən, regionlardakı obyektlərdən olduğunu deyib.

Dövlət Turizm Agentliyindən isə Bakıvaxtı.az-a bildirilib ki, Agentlik qiymətlərin formalaşdırılması prosesində iştirak etmir: “Bazar iqtisadiyyatında qiymətlər özəl şirkətlər tərəfindən müəyyənləşdirilir. Biz dövlət qurumu olaraq buna müdaxilə etmirik. Əlbəttə, tövsiyələrimiz var ki, qiymətlər daha münasib olmalıdır, bütün büdcələrə uyğun olmalıdır. Hamı istər ki, qiymətlər daha əlverişli olsun. Ancaq buna inzibati qaydada müdaxilə edə bilmərik. Bizim əsas vəzifəmiz sağlam rəqabət mühiti yaratmaqdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026