• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Yeni sanksiyalar və müharibədən sonrakı qlobal balans: Ukraynanın strateji yol xəritəsi

DÜNYA

07 Iyul 2025 | 16:39

Yeni sanksiyalar və müharibədən sonrakı qlobal balans: Ukraynanın strateji yol xəritəsi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı daha bir sanksiya paketini təsdiqləyib. Bu addım, müharibənin davam etdiyi və beynəlxalq münasibətlər sisteminin formalaşmaqda olduğu bir dövrdə atılıb.

Yeni sanksiyaların Ukraynanın daxili və xarici siyasətinə, habelə beynəlxalq münasibətlərə necə təsir göstərəcəyi geniş müzakirə olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu sanksiya paketi həm siyasi, həm də simvolik məna daşıyır. Strateji baxımdan məqsəd təkcə Rusiya iqtisadiyyatına təzyiq göstərmək deyil, həm də Ukraynanın öz suverenliyini qorumaq üçün beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini bir daha göstərməkdir. Digər tərəfdən, bu qərar daxili auditoriyaya ünvanlanmış mesaj daşıyır: hökumət hələ də fəaldır, mübarizəni təkcə cəbhədə deyil, bütün sahələrdə aparır.

Onun sözlərinə görə, bu paket daha çox prinsipiallıq mesajı verir:

“Ukrayna göstərir ki, bu müharibə yalnız torpaq və ərazi bütövlüyü ilə bağlı deyil, həm də beynəlxalq nizamın taleyi ilə əlaqəlidir. Neytral ölkələrə isə dolayı yolla seçim etməyin vaxtı çatdığı bildirilir. Yəni ya beynəlxalq hüququn yanında dayanacaqlar, ya da susmaqla status-kvonu qəbul etmiş olacaqlar. Bu, xüsusilə BMT-də tərəfsiz mövqe tutan ölkələrə yönəlik psixoloji və diplomatik təzyiq formasıdır”.

Züriyə Qarayeva: Sanksiyalar qaldırılsa belə, qarşılıqlı etimadın bərpası uzun illər çəkə bilər

Rusiya ilə uzunmüddətli münasibətlər kontekstində bu sanksiyaların gələcəkdə göstərəcəyi təsitrə gəlincə, müsahibimiz deyib ki, əslində, müasir beynəlxalq münasibətlərdə “barışıq” anlayışı getdikcə daha şərti xarakter alır:

“Sanksiyalarla bağlı yaddaş uzunmüddətli olacaq. Hər iki tərəf gələcəkdə mümkün dialoqa açıq olsa belə, bu, artıq əvvəlki kimi olmayacaq. Ukrayna bu gün Rusiya ilə münasibətləri yeni şərtlərlə yenidən formalaşdırmağa çalışır. Bu isə təkcə iqtisadi və diplomatik deyil, həm də psixoloji dönüş tələb edir”.

“Yəni sanksiyalar qaldırılsa belə, qarşılıqlı etimadın bərpası uzun illər çəkə bilər”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR