Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.
Bakıvaxtı.az xatırladır verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.
Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil ediblər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.
Görüşdə erməni sakinlərinin nümayəndələri görüş zamanı yardım edilməsini xahiş ediblər. Rəsmi Bakı qısa müddətdə problemi həll edərək yardım göndərib. Belə ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.
Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
Bu hal sülh müqaviləsini yaxınlaşdıra bilər?
Deputat Vüqar İskəndərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ali Baş Komandanın əmri ilə Xankəndi və ətraf bölgələrdə, Qarabağın dağlıq hissəsi və ətrafında ildırım sürətli, 23 saat 40 dəqiqəlik anti-terror əməliyyatı həyata keçirildi: “44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də Azərbaycan Ordusu mükəmməl, taktiki, texniki performans nümayiş etdirdi. Bu, bir daha 5-ci nəsil, çağdaş hərbi masterklas oldu. Digər məsələ odur ki, artıq Azərbaycan rəsmi Bakının 3 ilə yaxındır ki, tələb etdiyi 10 noyabr bəyannaməsinin müddəalarını icra etmiş oldu. Əsasən də, 4-cü maddə yerinə yetirilmiş oldu. Ərazimizdə hələ də erməni silahlı və yarımsilahlı hərbi birləşmələrin tör-töküntüləri mövcud idi. Onlar oradan çıxmalı idilər. Bunu da Azərbaycan özü təkbaşına mükəmməl şəkildə icra etmiş oldu”.
Deputat qeyd edib ki, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın reinteqrasiyası ilə bağlı Azərbaycan konkret mövqe ortaya qoymuş, dəfələrlə ordakı icmanı görüşlərə dəvət etmişdi: “Lovğalıq edib həmişə başı əzilən ermənilər anti-terror tədbirlərindən sonra yalvararaq görüş xahişi etdilər. Yevlax şəhərində Azərbaycan prezidentinin təyin etdiyi nümayəndə və üzvlərlə rəsmi görüşdə oldular. Düşünürəm ki, Yevlax görüşü bölgədə dayanıqlı sülhün, uzunmüddətli tərəqqinin yaranması üçün başlanğıc yolunu oynaya bilər. Artıq bu insanlar anlamağa başlayırlar ki, onlar ya Azərbaycanın Konstitusiyası altında firavan yaşamalı, ya da Azərbaycan ərazisindən çıxıb getməlidirlər. Bunu dünən baş tutmuş Yevlax görüşündə də hiss etdik”.
Vüqar İskəndərov: Artıq erməni vətəndaşlarımız da bütün bu məsələlərdən nəticə çıxarmalıdırlar
Müsahibimizin sözlərinə görə, dünən görüşə gələn ermənilər bağça və məktəblərə yanacaq, istilik, ərzaq verilməsi ilə bağlı xahiş ediblər: “Rəsmi Bakı həmin məsələləri qeydə alaraq dərhal icrasına start verib. Bütün dünya görür ki, Azərbaycan sülhpərvər, tərəqqipərvər ölkə, multikultural dəyərlərin təntənəsi olan bir məkandır. Azərbaycan xalqı tolerantdır. Ona görə də, necə ki, ölkəmizdə çoxmillətli digər xalqlar firavan yaşayırlar, erməni azlığı da eləcə bərabərhüquqlu, konstitusiyanın verdiyi hüquqlardan istifadə edərək yaşaya bilərlər. Bu görüş hələ başlanğıcdır, belə görüşlərin sayı kifayət qədər olacaq. Hər görüşdə irəliyə doğru addım atılacaq”.
V.İskəndərov əlavə edib ki, əsas məsələ Xankəndi və ətraf şəhərlərdə Azərbaycanın Konstitusiya quruluşunun tərtib olunması, onun icrası üçün vacib addımların görülməsidir. Rəsmi Bakı bu məsələləri qısa vaxt ərzində həyata keçirəcək: “Artıq erməni vətəndaşlarımız da bütün bu məsələlərdən nəticə çıxarmalı, ərazimizdə yaşamaq istəyirlərsə, kontitusiyaya uyğun yaşamağı seçməlidirlər”.
Aytac Aslan