Yunanıstanda 25 martda keçirilən rəsmi hərbi parad zamanı Türkiyəyə qarşı təhqiramiz şüarlar səsləndirən Yunanıstan Hərbi Dəniz Qüvvələri Astsubay Məktəbinin kursantları ilə bağlı araşdırma başa çatıb.
Bakıvaxtı.az bu barədə Yunan mediasına istinadla xəbər verir.
Məlumata görə, hadisəyə görə məsuliyyət daşıyan şəxslərdən bəzilərinə 20 gün həbs cəzası verilib, digərlərinə isə daha yüngül intizam cəzaları tətbiq olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə kursantların “Kipr Yunanındır” və Türkiyəyə qarşı nalayiq ifadələr səsləndirdikləri görünürdü.
Hadisə həm Türkiyə rəsmilərinin, həm də Yunanıstan müxalifətinin kəskin reaksiyasına səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyi bu şüarları “kobud və təxribatçı” adlandıraraq, Yunanıstandan izahat tələb etmişdi.
Nuriyyə Musayeva