Zaqatala rayonu Qazangül qəsəbəsində daxili yol üzərində yerləşən və sel suları nəticəsində yanaşma hissəsi yuyulan körpüdə bərpa işləri aparılaraq hərəkət təmin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi sözügedən yolun və körpünün agentliyin balansında olmamasına baxmayaraq, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub:
"Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Hazırda Zaqatala rayonu ərazisində yollarda sel suları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir".