• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.8437

    RUB - 0.0242

Zaur Baxşəliyev İlkin Süleymanovun məhkəməsində dindirilə bilər

CƏMİYYƏT

30 Noyabr 2022 | 15:14

Zaur Baxşəliyev İlkin Süleymanovun məhkəməsində dindirilə bilər

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılan iş materialları ilə bağlı sənədlər tədqiq olunub.

Məhkəmədə aparıcı Xoşqədəm Baxşəliyevanın vaxtilə “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında Nərmin Quliyevaya həsr olunmuş reportaja baxış keçirilib.

Bundan başqa, Nərminin valideynlərinin başqa bir internet televiziyasına müsahibəsi ilə bağlı müzakirə aparılıb.

Sözügedən müsahibədə Nərminin atası Şərif Quliyev deyib ki, Nərminin meyitini özü görüb, üzdən tanıyıb. Cinayət işinin materiallarında isə üz nahiyəsinin tam yandığı və tanınmaz halda olduğu göstərilib.

İlkin Süleymanovun vəkilləri “Azad Azərbaycan” telekanalında aparıcı Zaur Baxşəliyevin proqramında Nərminin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.

Müdafiə tərəfi Zaur Baxşəliyevin məhkəməyə çağırılıb dindirilməsini istəyib: “Zaur Baxşəliyev deyib ki, Nərminin başına dəmirlə 5 zərbə vurulub. İttihamda isə daşla vurulduğu yazılıb. İlkin isə ifadəsində daşla bir zərbə vurduğunu deyir. Ekspert rəylərinə əsasən, xəsarətlərin formasına baxanda başdakı zərbələrin dəmirlə vurulduğunu demək olar. Zaur Baxşəliyev onu da deyir ki, Nərmin meyit tapılmamışdan 5 gün əvvəl öldürülüb. Gəlsin, görək bu məlumatları ona kim vermişdi”.

Hakim Zaur Baxşəliyevin məhkəməyə çağırılması ilə bağlı vəsatət yazılı təqdim edildikdən sonra məhkəmənin münasibət bildiriləcəyini deyib.

Proses davam edir.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. /APA


SON XƏBƏRLƏR

30 Yanvar 2023